“Əl-Fatihə”
01.08.2008 - 11:21
“Əl-Fatihə”
Lənkəran təmsilçisinin cari avrokubok yarışlarında mərhələ adlamayacağı iki həftə əvvəl məlum idi. “Xəzər-Lənkəran” rəhbərliyinin qeyri-peşəkarlığı və nəticədə səviyyəli futbolçuların komandanı tərk etməsi, əvəzinə onların yerini verə biləcək legionerlərin cəlb edilməməsi, komandada kök salmış harınlamış futbolçuların canfəşanlıq etməməsi Cənub klubunun taleyinə aydınlıq gətirmişdi. Bilirik ki, Bakıdakı məğlubiyyətdən sonra klub rəhbərliyi ilə məşqçi heyəti bir-birinə dəyib. Fəxri prezident Mübariz Mənsimov Mircavadovdan biabırçı oyunun səbəbini soruşunca, o, pulsuzluqdan şikayətlənib. “Kifayət qədər pul ayrılmadığına görə, mən lazım olan futbolçuları komandaya cəlb edə bilmədim” deyib. Mircavadovun məğlubiyyətə bu izahı Mənsimovu şoka salıb. Niyə də salmasın ki, axı kluba milyonlarla pul xərclənir. Bəs hanı bu pullar? Fəxri prezident səviyyəsini aşağı salmayıb və işin dərinliyinə getməyib. Sadəcə, klubun bütün heyəti qarşısında şərt qoyub: ya bu mərhələ keçiləcək, ya da komandada ciddi dəyişikliklər ediləcək.
Açığı, Mübariz Mənsimova acıyıram. Komandaya milyonlarla pul ayıran fəxri prezident klubun birbaşa rəhbərliyi postuna qardaşı Mais Mənsimovu gətirməklə elə bilirdi ki, “Xəzər-Lənkəran”da hər şey “yağ kimi” gedəcək. Amma nə biləydi ki, qardaşı da maliyyə çirkabına düşəcək, baş məşqçiylə aralarında “nəyə görəsə” problem yaranacaq və qeyri-müəyyən proseslər nəticəsində Cənub təmsilçisi biabır olacaq.
Əslində, həqiqətən də biabırçı vəziyyətdir. Azərbaycanın ən zəngin klubu, futbolçuların maliyyə vəziyyətlərində inqilabi yeniliklər edən, baş məşqçidən tutmuş sıravi futbolçulara qədər hər birisinin həyatında ciddi dəyişikliklər edən bir komandanın dünənki oyunu rüsvayçılıqdır. Görəsən, Mircavadov bir futbolçunu misal gətirib deyə bilərmi ki, o əlindən gələni etdi? Baş məşqçinin açıqlamasına ehtiyac yoxdur. Yayımda problemlər olsa da, biz kimin nəyə qadir olduğunu görə bildik. “Lex” qapımızdan 4 top keçirsə də, “Xəzər-Lənkəran”ın heyətində ən yaxşı oyunçu məhz Dmitri Kramarenko idi. Əlcək sahibi dəfələrlə komandasını xilas etməsəydi, heç şübhəsiz, Mircavadov Azərbaycan yığmasının sükanı arxasında olarkən, Fransa millisinə 10:0 hesablı məğlubiyyətin başqa formada təkrarını yaşayacaqdı.
Qalan futbolçuların beşi birinə dəyməz, biri də heçə. Götürək, hücum xəttini. Zaur Ramazanovun fərqləndiyi qol epizodunu nəzərə almasaq, qalan vəziyyətlərdə elə bir şücaət göstərmədi. Həmkarı Yakuba Bamba özünü “bomba” futbolçu kimi görsə də, biz belə bir oyunçunu meydanda hiss etmədik. Yarımmüdafiə xəttində də əsl biabırçılıq idi. Rəşad Abdullayev özünü o qədər rüsvay etdi ki, baş məşqçi onu 1-ci hissənin sonuna qədər saxlamağı belə lazım bilmədi. Təsəvvür edin, Elmar Baxşıyev hücumçuları normal şəkildə topla təchiz etməli olduğu halda, onun 3 ötürməsindən ikisi rəqibin ayağına düşürdü. Üstəlik, heç bir səbəb olmadan iki sarı vərəqə və meydandan qovulma. Futbolçu ikinci sarı vərəqədə günahı olmadığını iddia edə bilər. Bəs birinci epizod? Bəlkə, israilli hakim Baxşıyevi meydandan qovmaq üçün əbəs yerə məqam axtarırdı? Onsuz da pleymeykerin meydanda olub-olmamasının komanda üçün elə bir faydası yox idi. Rahid Əmirquliyevə keçək. İkili mübarizələrin əksəriyyətində rəqibinə uduzurdu. Bəs müdafiəçilər? O-o-o-o, məşhur Mahir Şükürov! Yenə cinahı boş idi. Qapıya zərbələrin bir çoxu onun cinahından vurulurdu. Görəsən, bu futbolçu hansı keyfiyyətlərinə görə, rəhbərlikdən illik 250 min manat istəyir. Onun heç 250 manatlıq zəhməti də yoxdur (köhnə pulla nəzərdə tuturam). Və yaxud böyük təmtəraqla transfer edilən litvalı müdafiəçi Audrius Veykitus. Görəsən, Mircavadov hansı “keyfiyyətlərinə” görə, onun heyətə qatılmasına icazə verib. Bir müdafiəçi ki, real təhlükəli vəziyyətdə topu cərimə meydançasından yerlə uzaqlaşdırmaq istəyir, onun hansı oyun düşüncəsindən danışmaq olar? Hörmətli Mircavadov, onu transfer edəndə, bəs yoxlamadınız ki, müdafiəçi ötürmə etməyi bacarır, ya yox? Yəqin, ağlınıza gətirməmişdiz ki, 4-cü topu polşalılara məhz o hədiyyə edəcək.
Ümumiyyətlə, “Xəzər-Lənkəran”ın “Lex”lə hər iki qarşılaşmasında futbolçular başqa şübhələrə də əsas verdi. Mahir Şükürov, Rəşad Abdullayev və digərləri sanki kiminsə sifarişi ilə Mircavadovun komandanın qapısından çıxışına yolunu “təmizləyirdi”. “Torba” məsələsinə “Xəzər-Lənkəran”da əvvəlki məşqçilərin dövründə də rast gəlindiyindən, Mircavadovun da belə aqibət yaşadığına şübhə etmirik.
Ümumiyyətlə, yaxşı olardı ki, Poznandakı “pozorluğa” görə nə Mircavadov, nə də futbolçular Lənkərana getsin. Yoxsa qəzəbli azarkeşlərin əllərindən onları kim xilas edər? Baş məşqçi deyir ki, məni heç vaxt komandadan qovmayıblar, həmişə özüm getmişəm. Elə isə yoldaş Mircavadov, Bakıya gələn kimi “əl-fatihə” deyib, istefa ərizənizi qoyub getsəz yaxşıdır. Çətin ki, bir də şöhrətə minəsiz. Futbolçular isə anlamadılar ki, “Xəzər-Lənkəran” da oynamaqla əsl cənnətdə yaşayırmışlar. Ən yüksək məvacib, 100 min dollarlıq maşınlar, bahalı mənzillər, mükafatlar və daha nələr, nələr. Haram olsun, sizə Mənsimovun pulları (yalnız “torba tikənlər”ə aiddir), haram olsun Lənkəranın təmiz havası, təmiz suyu.
Bir daha təkrar edim ki, “Xəzər-Lənkəran”ın bugünkü vəziyyətində bütünlüklə komanda heyəti səbəbkardır. Əgər Mahmud Qurbanov xarici pasport məsələsində incik düşüb komandadan uzaqlaşırsa, əli milyonlarla oynayan rəhbərlik iki ilinə 800 min dollar istəyən Mario Souzaya simiclik edirsə, faydasız futbolçuların şıltaqlıqlarına dözürsə, seleksiya adıyla həftələrlə xarici ölkələrdə olan klub nümayəndələri vaxtını meydançalardan çox barlarda keçirirsə, futbolçular həftənin azı 4 gününü Bakıda keçirib, oyuna yalnız iki gün qalmış Lənkərana gedirsə, orada əylənmək imkanları olmadıqlarına görə sıxılırsa, daim peşəkarlıqdan dəm vuran vitse-prezident Tuyqun Nadirov ofisdə işləri qeyri-peşəkar aparırsa və nəticədə UEFA-nın əsasnaməsindən bixəbər olursa, onda kimdir günahkar? Görəsən, fəxri prezident Mübariz Mənsimovun bütün bunlardan xəbəri varmı? İnanmıram ki, olsun. Yəqin ki, klubdakı məsul şəxslər bu xəbərlərin Türkiyəyə – Mənsimova gedib çıxmasına əngəl törədir. Amma Cənub bölgəsinin azarkeşlərinin bir çıxış yolu var. Vəsait toplayıb Türkiyəyə getmək və fəxri prezidenti bütün iyrənc əməllərlə bağlı məlumatlandırmaq. Yaxşı olardı ki, Mənsimov bütün bunlardan xəbər tutandan sonra klubun hazırkı heyətinə “fatihə” versin. Komandaya Azərbaycanı sevən, Cənub bölgəsini sevən şəxslər lazımdır. Pul əl çirki olsa da, əllərini tez-tez yuyan insanlar da var, yoxsa ki, başı pullardan hərlənən məsul şəxslər. Halbuki, indi rəhbərlikdə təmsil olunanların bəziləri komandada fəaliyyətinə su daşımaqla başlamışdı. İndi isə yalnız öz mənfəətini güdür.
Amma əsla və əsla, “Xəzər-Lənkəran”ın futbol meydançasını fermaya çevirmək lazım deyil. Lənkəran klubuna “fatihə” oxumaq çox tezdir. Biabırçılığa səbəb olan bir neçə yararsız şəxsə görə cənub bölgəsini yeganə təsəllidən məhrum etmək onlara və Azərbaycan futboluna ən ağır zərbə olacaq.








0