Xaqani Məmmədov: “Hakim səhvləri, narazılıqlar həmişə olub, bundan sonra da olacaq”
08.08.2008 - 13:28
Xaqani Məmmədov: “Hakim səhvləri, narazılıqlar həmişə olub, bundan sonra da olacaq”
Onun sözlərinə görə, hakimlərin mövsümə yüksək səviyyədə hazırlaşması üçün çox çalışıblar: “Qəbələdə təlim-məşq toplanışında hakimlər səviyyələrini artırmaq üçün çox çalışdılar. Mənim bir komitə sədri kimi onlara bu cəhətdən iradım yoxdur. Hakimlərimizin necə hazır olduğunu mövsüm göstərəcək. Hakim səhvləri, söz-söhbətlər, narazılıqlar həmişə var, olub, bundan sonra da olacaq. Əsas odur ki, bu səhv qəsdən buraxılmasın”. X.Məmmədov Premyer Liqaya baş hakim kimi 16 nəfərin təsdiqləndiyini bildirib: “Bunlar arasında gənc hakimlər də var. Belə hakimlərdən Rasim Məmmədova ilk turda “Bakı” – MOİK, Hacıəli Ağayevə “Simurq” – “Turan” oyununu idarə etməyi etibar etmişik. Artıq mövsümün açılışında belə addım atmağımız hakimlikdə ilk addımlara atanlara olan inamımızı göstərir. Turun mərkəzi oyunu olan “Olimpik” – “İnter” matçını idarə etməyi Zöhrab Qədiyevə tapşırmaqda qətiyyən tərəddüd etmədim. Çünki hələ ötən mövsümün sonunda hakimliyə qaytardığımız Qədiyev artıq belə vacib matçları idarə etməyə hazırdır”. Komitə sədri hakimlərin bilərəkdən səhv buraxmayacağına şübhə etmir: “Rəqabəti xeyli artırmışıq. Vüsal Əliyev, İmanxan Sultani, Rövşən Əhmədov, Azad Mütəllimov kimi təcrübəli hakimlər ilk turdan kənarda qalıblar. Daha əvvəlki kimi, klubların hər turda eyni hakimləri görməkdən gözü yorulmayacaq. Əsas məqsədimiz qərəzli hakimliyin olmamasıdır. Hakimin qərəzli olması dərhal üzə çıxır. Oyunu 5 dəqiqə izləməklə, bunu bilirəm. Hakimlərimizin qərəzlik idarəçilik etməyəcəyinə zəmanət verirəm”.


0