Berti Foqts Premyer Liqa klublarının baş məşqçiləri ilə görüşüb
13.08.2008 - 16:52
Berti Foqts Premyer Liqa klublarının baş məşqçiləri ilə görüşüb
B.Foqts həmkarları ilə görüş zamanı onlarla fikir mübadiləsi aparıb, yığma üzvlərinin hazırlığına toxunub. Son ölkə çempionu “İnter”in baş məşqçisi Valentin Xodukin “APA-Sport”a açıqlamasında görüş barədə ətraflı məlumat verib: “Azərbaycan futbolunun inkişafı, yığma ilə klublar arasında qarşılıqlı əməkdaşlıq, oyunçuların hazırlıq səviyyəsi və digər məsələlərin müzakirə edildiyi görüşü səmərəli saymaq olar. Berti Foqts klublarla işbirliyində maraqlıdır. O, istəklərini bizə çatdırdı ki, bunlar da əsasən futbolçuların fiziki, funksional hazırlığının yüksəlməsi ilə bağlıdır. Foqtsun Azərbaycan yığmasının həkimi vəzifəsində çalışan həmyerlisi Alste Van oyunçuların sağlıq durumu, zədə problemləri haqda danışdı. Amma Foqts futbolçuların fiziki hazırlıq üzrə göstəriciləri haqda konkret məlumat vermədi və bunu məxfi saxladı”. 69 yaşlı ukraynalı məşqçi bildirib ki, Berti Foqtsun futbolçuların fiziki hazırlığını artırmaq məqsədilə mövsümün gedişində təlim-məşq toplanışı keçirməsini məqsədəuyğundur: “Foqts gələcəkdə də bunu etmək, futbolçuları turların oyunları arasında 3-4 gün sərəncamında görmək fikrindədir. Mən onun bu addımını başa düşürəm. Əgər biz, klubların çalışdırıcıları səhərdən axşamadək iş başında olduğumuz halda futbolçuların hazırlıq durumundan narazıyıqsa, onda Foqts nə etsin? O, azərbaycanlı futbolçuları indi-indi tanıyır və hazırlıq keçməyə az, yalnız təlim-məşq toplanışında vaxtı olur. Əlbəttə, Foqtsun bu planda çətinliyi var. Düzdür, onun bu qərarı klubların hazırlıq planlarına haradasa mənfi təsir göstərsə də, bununla barışmalıyıq. Hər halda, klublar ilk növbədə yığmaya görə çalışır və milli komandanın uğurlu çıxışında maraqlı olmalıyıq”.
0