İlqar Əbdürəhmanov: “Rusiyanın “Terek” və ya “Spartak” klubuna keçidim realdır”
13.08.2008 - 17:54
İlqar Əbdürəhmanov: “Rusiyanın “Terek” və ya “Spartak” klubuna keçidim realdır”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Karyeramı ölkədən kənarda davam etdirmək istəyimdən əl çəkməmişəm. Bu mənada yanvarda yenidən Rusiyaya yollanmağı planlaşdırıram”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının sabiq müdafiəçisi İlqar Əbdürəhmanov deyib. Ötən mövsümün ilk dövrəsində “Bakı” klubu ilə yollarını ayırdıqdan sonra klubsuz qalan 29 yaşlı futbolçu axır vaxtlar Moskvada yaşayıb. Az öncə vətənə dönən İ.Əbdürəhmanov Rusiya Premyer Liqasında çıxış etmək istəyir: “Premyer Liqanın lideri “Rubin”də baxışda oldum. Cari mövsüm güclü heyət yığan Kazan komandasında yaxşı tanınan, yüksək səviyyəli futbolçular oynayırlar. “Rubin”in baş məşqçisi Qurban Berdıyev məni Rusiyada oynadığım dövrdən tanıyır. Berdıyev məni Kazana dəvət etdi. Baxışda olduğum müddətdə “Saturn” ilə yoxlama matçının ikinci hissəsində meydana çıxdım və həmin görüşdə qalib gəldik. “Rubin”ə keçidin mümkünlüyünü deyən Berdıyev məni əsas daim oynadacağına təminat vermədi. O, sərəncamında 12 müdafiəçinin olduğunu və komandada ehtiyat futbolçu kimi yer ala biləcəyimi qeyd etdi”. Futbolçu vurğulayıb ki, “Terek” və Nalçikin “Spartak” klublarına keçmək variantı da var: “Bu komandaların baş məşqçiləri Vyaçeslav Qroznı və Yuri Krasnojanla tanışlığım var. Dörd il öncə “Spartak”a transferim real olan zaman da komandanı Krasnojan çalışdırırdı. Agentim Viktor Pançenko həmin vaxt maliyyə məsələlərinə görə Qazaxıstanın “Jenis” klubuna keçidimi məsləhət bildi və buna görə peşman olmadım. “Jenis”in heyətində bir mövsümdə 30 oyun keçirdim və 3 qol vurdum. Bu iki variantı qışda mövsüm öncəsi nəzərdən keçirəcəyəm. “Rubin”lə müqayisədə “Terek” və ya “Spartak”a keçidim realdır”. “Bakı”nın sabiq müdafiəçisi Azərbaycan Premyer Liqasının debütantı Salyanın NBC klubunun düşərgəsində yer almasını yaxşı tanıdığı baş məşqçi Vladislav Qədirovun dəvəti ilə əsaslandırıb: “Mənə qışadək oyun praktikasını itirməməyim lazımdır. Xeyli müddət klubsuz qalsam da, daim məşq edərək, heç də pis formada deyiləm. Hər halda, mövsümün gedişində bunu görəcəksiniz. Qışda Rusiyaya iki həftəlik baxışa yollanacağam və hər şey uğurla alınarsa, mənə görə kompensasiya ödəniləcək”.
Qeyd edək ki, karyerasının böyük hissəsi Rusiya ilə bağlı olan İ.Əbdürəhmanov KamAZ, “Nefteximik”, “Anji”, “Fakel” və “Lokomotiv” komandalarının formasını geyinib.
0