Nazim Süleymanovu Vaqner Lavla birləşdirən nədir?
21.10.2008 - 11:34
Nazim Süleymanovu Vaqner Lavla birləşdirən nədir?
Bakı. Mehman Süleymanov - APA-Sport. Həmyerlimiz Nazim Süleymanovun Rusiya çempionatındakı rekordu 10 ildən sonra təkrarlandı. “APA-Sport”un məlumatına görə, qonşu ölkədə oynayan legionerlər arasında ən çox qol vuran Süleymanovun uğurunu Moskvanın MOİK klubunun hücumçusu Vaqner Lav davam etdirib. Premyer Liqanın cari mövsümünün bombardiri olan 24 yaşlı braziliyalı futbolçu “Amkar”la görüşdə etdiyi “dubl”la, Süleymanov kimi imza atdığı qollarının sayını 50-yə çatdırıb.

Rusiya çempionatında “hərbçilər”in heyətində 2004-cü ilin avqustun 14-də Yaroslavlda “Şinnik”lə görüşdə debüt edən Vaqner artıq növbəti oyunda qolçuluq bacarığını nümayiş etdirib. “Rotor”u böyük hesabla məğlub etdikləri (3:0) görüşdə iki qol vuran Lavın ölkə birinciliyində hesabında 2 het-trik və 11 “dubl”u var. Braziliya milli komandasının da üzvü olan hücumçunun MOİK-in heyətində debütü “Neftçi”yə qarşı olub və ilk qolunu da komandamıza vurub. Flaqmanla Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində 2004-cü ilin iyulunda 27-də Bakıda görüşdə iştirak etməyən Lav avqustun 4-də Moskvada keçirilən cavab oyununda (2:0) Hüseyn Məhəmmədovun qoruduğu qapıya vurulan iki qoldan birinin müəllifi olub.

Hazırda milli komandamızda seleksiyaçı-məşqçi işləyən Nazim Süleymanov Rusiyada 8 il çıxış edib. Futbolçu karyerasını 10 il öncə Soçinin “Jemçujina” klubunda başa vuran hücumçu sonradan bu komandanın baş məşqçisi olub. Karyerasının əsas uğurları Vladiqafqazın “Alaniya” klubuna bağlı olan Süleymanov bu komandanın heyətində 1995-ci ildə Rusiya çempionluğunu qazanıb. Qollarını çoxunu “Alaniya”da vuran veteran futbolçumuz Rusiyada bombardirlər siyahısında 28-ci yerdədir. Süleymanovu qabaqlayan “Zenit”in və Rusiya yığmasının lideri Andrey Arşavin hücumçumuzdan cəmi 1 qol çox vurub.
0