Azərbaycan - Latviya matçı 80 min dollara görə baş tutmayıb - EKSKLÜZİV
21.10.2008 - 15:31
Azərbaycan - Latviya matçı 80 min dollara görə baş tutmayıb - EKSKLÜZİV
Bakı. Aqşin Əliyev - APA-Sport. “Həqiqətən də Latviya və Azərbaycan yığmaları arasında noyabrın 19-na planlaşdırılan yoldaşlıq görüşünün keçirilməsinə nəqliyyat problemi maneçilik törədib. Biz bu oyunu razılaşdıranda Bakıdan Riqaya həftədə 2 dəfə reys var idi. Ancaq adıçəkilən reys rentabelli olmadığı üçün oktyabrın 1-dən ləğv edilib”. Bu sözləri “APA-Sport”a eksklüziv açıqlamasında Latviya Futbol Federasiyasının (LFF) baş katibi Yanis Mezeçkis deyib.

Mezeçkis bildirib ki, Latviya yığmasının Bakıya çarter reysi ilə gəlməsi sərfəli olmayıb: “Çünki bu, bizə 80 min ABŞ dollarına başa gələcəkdi. Dünyadakı maliyyə böhranı bizim da fəaliyyətimizə təsir göstərib, xərclərimiz artıb. Ona görə də çarter reysindən imtina etdik”. LFF rəsmisi digər reyslərlə Azərbaycana səfərin də uyğun olmadığını vurğulayıb: “Riqa-Frankfurt-Bakı reysi bir qədər çətindir. Ən optimal variant Moskvaya uçub, oradan isə Bakıya gəlmək idi. Lakin Moskvaya yollanmaq üçün Rusiyadan viza alınmalı idi ki, bu da əlavə xərc tələb edirdi”.

Baş katib oyunun ləğv edilməsinə görə Azərbaycan futbol ictimaiyyətindən, jurnalistlərdən üzr istəyib: “İndiyədək Azərbaycan milli komandası 3 dəfə Riqaya təşrif buyurub. Borcunuzdan çıxmaq istəyirdik. Hətta Bakı-Riqa reysi olsaydı bütün təyyarəni almağa gücümüz çatacaqdı. Çünki səfərə Azərbaycanın Latviyadakı diasporunun nümayəndələrini də gətirməyi nəzərdə tutmuşduq. Təəssüf ki, istəyimiz alınmadı. Bütün futbol ictimaiyyətinizdən, eləcə də jurnalistlərdən üzr istəyirik”.

Yığmamızın bu dəfə Riqaya yollanması məsələsinin müzakirə edilmədiyini söyləyən Mezeçkis bunu havaların soyuqluğu ilə əlaqələndirib: “Noyabrın 19-da burada 10 dərəcə şaxta olur. Həmin ərəfədə Estoniyaya gedərək, beynəlxalq turnirə qatılmaq haqda düşünürük”. O deyib ki, gələcəkdə iki ölkənin komandası arasında yoldaşlıq matçının oynanılması ilə bağlı məsələ bir daha müzakirəyə çıxarılacaq: “Bu haqda gələn həftə azərbaycanlı həmkarım Elxan Məmmədovla İsveçrənin Nyon şəhərində, UEFA-nın tədbirində görüşüb, fikir mübadiləsi aparacağıq”.

AFFA-nın baş katibi Elxan Məmmədov isə “APA-Sport”a açıqlamasında bildirib ki, hazırda yığmamıza rəqib axtarılır: “Noyabrın 19-u FİFA-nın yoldaşlıq görüşləri üçün ayırdığı tarixdir. Biz milli komandamızın oyun təcrübəsinin artırılması məqsədilə bu imkandan yararlanmaq niyyətindəyik. İnanıram ki, tezliklə rəqib tapa biləcəyik”.
0