Rubinin planları pozuldu
21.10.2008 - 17:18
Rubinin planları pozuldu
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycan milli komandası ilə yoldaşlıq görüşünün baş tutmayacağını gözləyirdim. Çünki mən hələ Latviyada olarkən noyabrın 19-da Bakıda sınaq matçının keçirilməsinin sual altında olduğu bildirilirdi. Problem deyildiyi kimi, nəqliyyatla bağlı idi”. Bu sözləri “APA-Sport”a açıqlamasında Latviya yığmasının və Bakının “İnter” klubunun futbolçusu Andrey Rubin deyib.

29 yaşlı yarımmüdafiəçi planlaşdırılan matçın ləğv olunduğu üçün təəssüfləndiyini gizlətməyib: “Oyunun keçirilməsini çox istəyirdim. Azərbaycan çempionatında oynayan latviyalı kimi, bu matçda iştirak etmək, özünü göstərmək maraqlı olardı. Fikrimcə, Latviya və Azərbaycan yığmaları təxminən bərabər səviyyəli komandalardır. Düzdür, texnikalı oyun baxımından sizdə üstünlük nəzərə çarpır. Ola bilsin ki, kiminsə bəxti gətirmir. Bunu daha çox öz yığmamıza aid edirəm. O qədər də güclü olmayan, ortabab komandalarla görüşlərdə adətən xal itiririk”.

Rubinin bildirdiyinə görə, Azərbaycan Premyer Liqasının səviyyəsi Latviyanın güclülər dəstəsindən üstündür: “Arxada qalan 10 ildə çempionatımızın səviyyəsi yüksəlməyib, necə deyərlər, yerimizdə sayırıq. Sizdə isə əvvəlki dövrlə müqayisədə, futbol çox inkişaf edib. İndi Latviyada yalnız ölkədən kənarda çıxış edən futbolçular səviyyələrini artıra bilərlər. Elə mənim də Liyepayanın “Metallurq” klubunu tərk edib, Azərbaycana gəlişimdə bu amilin böyük rolu oldu”.

“İnter”in heyətində III turda “Bakı” ilə görüşdə (0:0) debüt edən Rubin bu müddətdə cəmi 4 oyun keçirib və 1 qol vurub. NBC klubu ilə Salyandakı matçda qələbə topunun müəllifinə çevrilən Andrey az oynamasına görə narahat deyil: “Hələləik hər şey məni qane edir. Düzdür, yığmanın üzvü sayıldığımdan oyun təcrübəsinə malik olmağım vacibdir. Ukraynalı baş məşqçimiz Valentin Xodukinlə problemim yoxdur. Az oynayıramsa, deməli, komandada xeyli futbolçu var və əsas heyətə düşmək üçün çox çalışmalıyam. “İnter”i Rusiya Premyer Liqasında mübarizə aparmağa qadir komanda sayıram”.

Növbəti turda “Neftçi” ilə görüşdə meydana çıxacağına ümid edən latviyalı yarımmüdafiəçini rəqibin uğursuzluq zolağına düşməsi qayğılandırır: “Neftçi”də problemlərin olması xeyrimizə deyil. Çünki belə komandalar növbəti matçda toparlanmağa çalışırlar. “Neftçi” “Xəzər-Lənkəran”a məğlubiyyətin əvəzini “İnter”dən çıxmağa çalışacaq. Bu mənada bizi ağır oyun gözləyir”.

Qeyd edək ki, Rubin vaxtilə Moskvanın “Spartak”, İngiltərənin “Kristal Pelas” klublarının şərəfini qoruyub.
0