Bəd gündə kim güləcək?
22.10.2008 - 15:18
Bəd gündə kim güləcək?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. UEFA kubokunun qrup mərhələsində “Olimpiakos”la qarşılaşacaq “Qalatasaray” uğursuz sindromu qırmalıdır. “APA-Sport”un məlumatına görə, sabah baş tutacaq görüşdə istanbullular “siftə” edə bilərlər. Belə ki, Türkiyə təmsilçisi bu tarixdə keçirdiyi oyunlarda uğura həsrətdir. Ümumilikdə, dördüncü dəfə avrokubok matçını oktyabrın 23-də keçirəcək “Qalatasaray” sabahkı oyunadək bir xal da qazana bilməyib.

1985-ci ildə Yurdingenin “Bayer” klubu ilə səfərdə görüşən istanbullular 0:2 hesabı ilə uduzub. Bundan altı il sonra isə Çexoslovakiyanın “Banik” komandası İstanbula gələrək qələbə qazanıb – 0:1. 2002-ci ildə Belçikaya yollanan “Qalatasaray” “Brügge” ilə də bacarmayıb - 1:3.

Oktyabrın 23-ü “Qalatasaray” kimi onun rəqibi üçün də uğursuzdur. 45 il əvvəl Polşanın “Zaqlebiye” klubunu 2:0 məğlub edən Yunanıstan təmsilçisi bu müddətdə məğlubiyyətləri yan-yana düzüb. 1974-cü ildə “Anderlext”in qapazaltısına çevrilən “Olimpiakos” bizim “Neftçi” kimi Brüsseldə 5 qol buraxıb – 1:5. 2001 və 2002-ci illərdə isə yunanlar “Mançester Yunayted” önündə diz çöküb. Əvvəl İngiltərədə 0:3 hesabı ilə uduzan pireylilər 6 il əvvəl öz meydanında məğlub olub. Özü də mançesterlilər Yunanıstandakı tabloda ayın tarixini əks etdirib: oktyabrın 23-də 2:3.


0