Maldini və Ronaldinyonun orijinal formaları Bakıda satışa çıxarılır
23.10.2008 - 10:56
Maldini və Ronaldinyonun orijinal formaları Bakıda satışa çıxarılır
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın “Milan” klubunun futbolçuları - Ronaldinyo, Andrey Şevçenko, Paolo Maldini, Filippo İnzaqi, Kaxa Kaladze və Cennaro Qattuzonun imzalanmış orijinal formaları Bakıda satışa çıxarılır. “APA-Sport”un məlumatına görə, yaxın günlərdə baş tutacaq satış mərasimi qapalı olacaq.

Bu tədbir oktyabrın 27-də paytaxtımızda start götürəcək “Milan Junior Camp” layihəsi çərçivəsində həyata keçiriləcək. Formaların satışından əldə olunacaq vəsait 7 saylı Suraxanı İnternat Məktəbinin bank hesabına köçürüləcək.

Qeyd edək ki, 5 gün davam edəcək “Milan Junior Camp” layihəsi zamanı 8-14 yaşlı uşaqlar arasından 4-ü seçilərək, “Milan”ın yeniyetmələrdən ibarət komandasına cəlb olunacaq. Həmin həmvətənlərimiz gələn ildən etibarən futbolun sirlərini İtaliyada öyrənmək, Milanın “San Siro” stadionunda məşq keçmək imkanı qazanacaqlar.


0