Araqones “Bursaspor”la oyundan sonra istefa verəcək
23.10.2008 - 11:25
Araqones “Bursaspor”la oyundan sonra istefa verəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Luis Araqones baş məşqçisi olduğu “Fənərbaxça” klubu ilə yollarını ayırmaq qərarına gəlib. “APA-Sport”un məlumatına görə, mövsümün əvvəlindəki uğursuzluqlardan sonra mətbuatın təzyiqindən bezən ispaniyalı mütəxəssis Türkiyəyə gəldiyindən peşman olub. “Arsenal”a məğlubiyyətdən sonra oyunçuları bir araya gətirən 70 yaşlı baş məşqçi onları qərarından xəbərdar edib: “Bura Avropa çempionunun baş məşqçisi kimi gəlmişəm. Təəssüf ki, gözlədiklərimin heç birini görmədim. İşlərimizin bundan sonra düzələcəyinə də heç inanmıram. Vəkillərim vasitəsilə rəhbərliklə danışıqlar aparırıq. “Bursaspor”la matç “Fənərbaxça”da son oyunum olacaq”.

Deyilənlərə görə, İstanbul təmsilçisində cəmi üç ay çalışan Araqones bir illik əmək haqqının, yəni 2 milyon avronun verilməsini tələb edib. “Fənərbaxça” rəhbərliyi isə yeni baş məşqçinin axtarışlarını daha da sürətləndirib.
0