“Fənərbaxça” 9 futbolçusu ilə vidalaşır
23.10.2008 - 11:37
“Fənərbaxça” 9 futbolçusu ilə vidalaşır
Bakı - APA-Sport. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İstanbulda “Arsenal”a 2:5 hesabı ilə uduzduqdan sonra “Fənərbaxça” rəhbərliyi təcili iclas keçirib. “APA-Sport”un məlumatına görə, yığıncaqda mövcud durumdan çıxış yolları müzakirə olunub, heyətdə dəyişiklik edilməsinin vacibliyi vurğulanıb.

Qərara alınıb ki, dövrələrarası fasilədə 9 futbolçu ilə əməkdaşlığa son qoyulsun. Bunlar Volkan Dəmirəl, Roberto Karlos, Maldonado, Xosiko, Kolin Kazım, Can Arat, Yasin Çakmak, Əli Bilgin və Gürhan Gürsoydur. Rəhbərlik komandada yaranacaq boşluğu təcrübəli oyunçuların sayəsində doldurmaq niyyətindədir.

Belə ki, əcnəbi futbolçulardan Fernando Moryentes (“Valensiya”), Patrik Vieyra (“İnter”), Fərid Mondraqon (“Köln”), Renato (“Sevilya”), Fabio Aurelio (“Liverpul”), Andres Quardado (“Deportivo”) və Boaz Mayhil (“Hull Siti”) “Fənərbaxça”nın maraq dairəsindədir. İstanbula gətirilməsi nəzərdə tutulan futbolçular arasında xarici ölkə çempionatlarında oynayan türkiyəlilər - Fatih Təkkə, Xəlil Altıntop, Mövlud Ərdinc, Eren Derdiyok və Nuri Şahin də yer alıb. Həmçinin, “sarı-laciəvrdlilər” Türkiyə çempionatında çıxış edən bir neçə futbolçunu da gözaltı ediblər.


0