Foqts istefaya göndərilməsini istəmir
23.10.2008 - 11:51
Foqts istefaya göndərilməsini istəmir
Bakı. Kənan Həsənov - APA-Sport. “Azərbaycandan aldığım təklif mənə çox maraqlı göründü. Federasiya rəhbərliyi yığmanı bir neçə ildən sonra dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə uğrunda mübarizədə rəqabətə davamlı komanda kimi görmək istəyir”. “APA-Sport”un məlumatına görə, bu sözləri Rusiya mətbuatına müsahibəsində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts söyləyib.

Alman mütəxəssis ölkəmizdə işləməyin maraqlı olduğunu etiraf edib: “Azərbaycanda gənc və perspektivli futbolçu çoxdur. Mən də köməkçilərimlə birgə bir neçə ili əhatə edən proqram hazırladım. Milli çempionatın oyunlarını izləmək üçün bölgələrə yollanmaq mənə maraqlıdır”.

Küveyt və Nigeriyada iş təcrübəsini yada salan alman çalışdırıcı çətinliklərdən qorxmadığını bildirib. Azərbaycan çempionatının Avropadan geri qaldığını deyən Foqtsun sözlərinə görə, ölkəmizdə əsas problemlərdən biri klub rəhbərlərinin legionerlərə üstünlük verməsidir.

Rusiya futbolu ilə bağlı sualı şərh edən Foqtsun fikrincə, bu ölkədə nəzərə çarpan irəliləyiş var. O, hollandiyalı həmkarı Quus Hiddinkin yığmanın heyətini formalaşdırarkən çətinliklə üzləşmədiyini qeyd edib. Amma təcrübəli mütəxəssis proqnoz verməkdən çəkinib: “Bu mənlik deyil. Çünki qrupun favoritləri Almaniya və Rusiyadan xal almaq vəzifələrimdən biridir. Avropada futbolun səviyyəsi önəmli dərəcədə qalxıb və istənilən komanda sürpriz edə bilər”.

Azərbaycan yığması haqda da xoş sözlər söyləyən Foqts müqaviləsinin sonunadək işləmək istədiyini vurğulayıb: “Mənim komandam da sürpriz edə biləcək gücdədir. Əks halda, işləməyə dəyməz. Azərbaycan futbolçularına almanlara xas nizam-intizamı aşılasaq, artıq cari tsikldə sensasiyaya ümid etmək olar. Amma komanda azarkeşlərin gözlədiyi nəticəni qazana bilməyəndə problem yaranır. Mən müqavilə müddətinin sonunadək işləmək, seçmə mərhələni 2009-cu ilin payızında Rusiya ilə oyunla bitirmək istəyirəm”.
0