“Xəzər-Lənkəran” ciddi itkilərlə üzləşib
23.10.2008 - 12:29
“Xəzər-Lənkəran” ciddi itkilərlə üzləşib
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının lideri “Xəzər-Lənkəran” “Bakı” ilə qarşıdakı səfər oyununa ciddi itkilərlə çıxacaq. “APA-Sport”un məlumatına görə, Lənkəran klubunun türkiyəli baş məşqçisi Rasim Kara Premyer Liqanın IX turu çərçivəsində “Bakı” ilə oktyabrın 26-da Respublika stadionunda keçiriləcək görüşdə 4 futbolçusu - Kamran Ağayev, bolqar Kostadin Cambazov və həmyerliləri Göksək Akıncı ilə Müammer Ərdoğlunun xidmətindən yararlana bilməyəcək. Milli komandamızın da əsas qapıçısı olan Kamran artıq bir həftəyə yaxındır ailə problemləri ilə əlaqədar məşqlərə qatıla bilmir. Belə olan halda, “Bakı” ilə görüşdə “Xəzər-Lənkəran”ın qapısını yenə də təcrübəli Dmitri Kramarenko qoruyacaq. Cambazov son turda “Neftçi” ilə ev oyununda cari mövsümdə 4-cü sarı vərəqəsini aldığı üçün cəzalı durumu düşüb və qarşıdakı turu buraxmalıdır. “Xəzər-Lənkəran”ın türkiyəli müdafiəçilərində isə zədə problemi var. Diz nahiyəsindən əməliyyat olunan Göksəl məşqlərə yeni qatılıb. Baldız əzələsini zədələyən Muammer isə ən yaxşı halda 4-5 gündən sonra fərdi proqramla məşqlərə başlayacaq.
Qeyd edək ki, saat 18:00-da başlayacaq “Bakı” – “Xəzər-Lənkəran” oyununa biletlərin qiyməti 2 manatdır.





0