Ruslan Abbasovdan baş məşqçiyə sərt ittiham
23.10.2008 - 14:28
Ruslan Abbasovdan baş məşqçiyə sərt ittiham
Bakı. Mehman Süleymanov - APA-Sport. “Hazırkı vəziyyəti nəzərə alsaq, qarşıdakı turda keçiriləcək “İnter” - “Neftçi” görüşündə rəqibin qələbə qazanmaq şansı bizdən daha çoxdur”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Ruslan Abbasov deyib.

Ötən mövsüm “İnter” klubunun heyətində Azərbaycan çempionu olduqdan sonra yenidən “Neftçi” komandasına qayıdan 28 yaşlı futbolçu bildirib ki, atdığı addıma görə heç də heyfsilənmir: “Ancaq baş məşqçimizin heç bir səbəb olmadan mənə şans verməməsi çox pis təsir edir. Heç vaxt ona demərəm ki, məni meydana burax. Məşqlərdə ən yaxşılardan biriyəm. Heç olmasa, bir matçda şans versin. Görsə ki, pis gündəyəm, onda yenə oynatmasın. Ancaq Gede özündən nəsə kəşf etmək istəyir. Deyir ki, gəncləşmə siyasəti aparır. Bir-iki gənc futbolçunu oynatmaqla, gözdən pərdə asır”.

Baş məşqçi Hans-Yurgen Gedeni heyəti düzgün müəyyənləşdirə bilməməkdə günahlandıran Abbasovun vurğulayıb ki, sabiq çalışdırıcı Anatoli Demyanenkonun vaxtında da ehtiyatda qalmasına baxmayaraq, ukraynalıdan narazı qalmayıb: “Çünki həmin vaxt “Neftçi”nin sabit heyəti olduğu üçün kənarda qalırdım. Hər halda, Demyanenko az da olsa mənə şans verirdi. Gede isə mənə heç vaxt şans verməyəcək. Buna yüz faiz əminəm. Ona görə də qışı gözləyirəm. Bura ehtiyatda qalmaq üçün qayıtmamışam. Cari mövsümdə hələ meydana çıxmamışam. Oynamayıb, pul almağa isə adamın üzü gəlmir”.

“Neftçi” klubuna 2001-ci ildə Kazbek Tuayevin dəvəti ilə gələn və bu komandada 8-ci mövsümünü keçirən Abbasov əcnəbi mütəxəssislərə qarşı çıxıb: “Gede heyətlə bağlı öz bildiyini deyir və bu da nəticəyə mənfi təsiri göstərir. “İnter”ə də uduzsaq, vəziyyət daha da pisləşəcək. Fikrimcə, “Neftçi”ni yerli baş məşqçi çalışdırmalıdır. Çünki yerli mütəxəssisin rəhbərliyi altında həmişə yaxşı oynayıb”.

Xatırladaq ki, “Neftçi” son 13 ayda çexiyalı Vlastimil Petrjela, ukraynalı Anatoli Demyanenko və alman Hans-Yurgen Gedenin rəhbərliyi altında çıxış edir.





0