Azərbaycan futbolunda növbəti qalmaqal
23.10.2008 - 16:19
Azərbaycan futbolunda növbəti qalmaqal
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bizim şirkətin “Bakılı” klubuna sponsorluq etməsi xəbərinin haradan qaynaqlanması mənə də maraqlıdır. Amma bu, həqiqət deyil”. “APA-Sport”un məlumatına görə, bu sözləri MCR şirkətinin kommersiya direktoru Nazim Səmədov deyib.

Səmədov bu gün təşkil olunan mətbuat konfransında “Bakılı” klubu ilə təmsil etdiyi müəssisənin münasibətləri haqda məlumat verib: “Mətbuatda şirkətimizin bu komandanın sponsoru olması haqda yanlış məlumatlar yer alıb. Guya ki, MCR sponsor öhdəliklərini yerinə yetirmir və bu səbəbdən “Bakılı” maliyyə sıxıntısına düşüb. Əslində, aramızda bağlanan müqavilə yalnız əməkdaşlıqla bağlıdır. Klubda olmayan infrastrukturu yaratmaqda kömək etmək istəyirdik. Bir əməkdaşımızın “Bakılı”da yaxın dostu olduğundan bu addımı atırdıq. Marketinq, mətbuat və başqa xidmətlərin yaradılmasında köməklə yanaşı, komanda üçün yeni sayt da hazırlayırıq. Bu işi yekunlaşdırsaq, Azərbaycanda ən yaxşı klub saytı olacaq. Bunlarla yanaşı, bütün komandaya “Nar Mobile” nömrələr paylamışdıq. Bu nömrələrin ödəniş kartları da bizim hesabımıza idi. Lakin sentyabr ayında bunu dayandırmalı olduq. Gördük ki, həm nömrələrin sayı artıb, həm də müxtəlif servislərdən istifadələr çoxalıb. Bir ayda 3 min manat xərcimiz çıxdığından bu ödəmələri müvəqqəti dayandırmışıq. Axı MCR kommersiya şirkətidir, xeyriyyə təşkilatı deyil”.


Səmədov şirkətlərinin sponsorluq etməsi barədə yanlış məlumat verəni məhkəməyə verməyə hazır olduqlarını açıqlayıb: “Əgər bu səhv məlumat klub prezidenti Misir Əbilov tərəfindən çıxıbsa, biz imicimizə zərbə vurduğu üçün onu məhkəməyə verəcəyik. “Nar Mobile” də nüfuzuna dəyən zərbəyə görə eyni addımı atsa, Əbilovun problemləri daha çox olacaq. Lakin Misir bəy sponsorlarla bağlı heç bir açıqlama vermədiyini bildirir. Biz araşdırıb məsələnin kimdən qaynaqlandığını öyrənəcəyik. MCR tam müstəqil şirkətdir. Biz “Nar Mobile” şirkətinin distributoruyuq. Başqa şirkətlərlə də işləyə bilərik. Hazırda isə yalnız bu şirkətlə işləyirik. Bu iki şirkəti qarışdırmaq düzgün deyil. “Bakılı” klubu ilə əməkdaşlıq haqda müqaviləni də “Nar Mobile” yox, biz bağlamışıq. Bizə ən çox təsir edəni də şirkətimizin yerinə başqasının adının hallanmasıdır”

Şirkət rəsmisinin sözlərinə görə, klubun büdcəsi haqda səhv məlumat onları da aldadıb: “Əməkdaşlıq etdiyimiz klubun 1,5 milyon dollarlıq büdcəsi olduğunu mətbuatdan eşidib çox sevindik. Amma bilmirdik ki, bu pulların bizim verməli olduğumuzu düşünürlər. Bir də onda xəbər tutduq ki, bəzi legionerlər və onların menecerləri maaşların niyə yubadılması ilə bağlı bizə müraciət edir. Sonralar Misir bəyə deyirdim ki, mətbuatla görüşüb bu məlumata aydınlıq gətirək. O isə belə şeylərə əhəmiyyət verməyin lazım olmadığını iddia edirdi. Nadir Qasımovun ilk açıqlaması haqda Əbilova deyəndə cavab verdi ki, “Nadirdir də danışır”.
0