TFF Terimlə yeni uğurlar hədəfləyib
23.10.2008 - 16:50
TFF Terimlə yeni uğurlar hədəfləyib
Bakı - APA-Sport. “Türkiyə yığmasının Fatih Terimin rəhbərliyi altında növbəti dünya və Avropa çempionatının final mərhələsinə yüksələcəyinə inanırıq. Bu səbəbdən də məşqçimizin müqaviləsinin müddətini 2012-ci ilədək uzatdıq”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmud Özgener söyləyib.

Rəhbərlik etdiyi qurumun gəlirlərinin 250 faiz artdığını deyən Özgener bu məsələdə dünyada 6-cı yeri tutduqlarını xüsusi vurğulayıb.

Qeyd edək ki, Terim Türkiyə futbolu tarixində yığmada ən çox oyun keçirən ən uğurlu mütəxəssisdir. Qardaş ölkə təmsilçisi indiyədək onun rəhbərliyi altında çıxdığı 81 görüşün 38-də qələbə qazanıb, 19 dəfə uduzub, 24 matçda isə heç-heçə edib. Bu qarşılaşmalarda Türkiyə yığması 118 qol vurub, qapısında isə 89 qol görüb. 1996-cı ildə komandanı ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxaran Terim, ən böyük uğuru isə sonuncu analoji yarışı üçüncü pillədə başa vurmaqla əldə edib.
0