Nadir Qasımov: “Bakılı”da ayda 200 dollar maaş alırdım”
23.10.2008 - 17:02
Nadir Qasımov: “Bakılı”da ayda 200 dollar maaş alırdım”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Rəhbərlik bizi, komandanı aldadıb. Amma bunun hansı rəhbərlik olduğunu dəqiq bilmirəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Bakılı”nın sabiq baş məşqçisi Nadir Qasımov deyib. Bir neçə gün əvvəl postundan istefa verən mütəxəssis MCR şirkətinin ofisində təşkil olunan mətbuat konfransında bu müəssisə ilə “Bakılı”nın bağladığı müqavilənin nəyə xidmət etdiyini anlamadığını bildirib: “Altı aydır “Bakılı”da işləyirəm. Sponsorla bağlı məsələ çıxmamışdan əvvəl komandada idim. 1,5 milyon dollar məsələsi bizi həvəsləndirdi. Oyunçular komandamıza gəlmək istəyir, biz də seleksiya işi aparırdıq. Amma sonradan gördük ki, heç bir şərait yoxdur. Eşitdiyimə görə, “Nar Mobile” 1,5 milyon dollar verməli idi. Amma indi öyrənirəm ki, bu “Nar Mobile” yox, MCR şirkətidir. Müqavilə də sponsorluq yox, əməkdaşlıq haqqındadır”.

“Bakılı” ilə MCR-in münasibətlərini araşdırmağa səlahiyyəti çatmadığını deyən Qasımovun sözlərinə görə, məsələni tərəflərin özü araşdırmalıdır: “Ortada isə oyunçular və biz qalmışıq. Günahkar da müqaviləyə imza atan tərəflərdən hansısa biridir. “Bakılı”nın prezidenti Misir Əbilovla çoxdan dostuq. Onun üçün işləməyə hazıram. Amma 22 oyunçuya cavab verə bilmərəm. Komandada işlədiyim 6 ayda cəmi 1200 dollar almışam. Bu da hər aya 200 dollar deməkdir. Oyunçu gəlib deyirsə ki, acam, mən onu məşq etməyə məcbur edə bilmərəm. Artıq bir futbolçu komandanı tərk edib. Pulsuzluqdan bezən Xaris Komesidis Yunanıstana qayıdıb. Neçə vaxt idi zədəli idi. Həmyerlisi Aleksios Mixailidisə dedim ki, zəng edib halını öyrənsin. Cavabında Harisin artıq Yunanıstanda olduğunu deyən Mixailidis onun bir daha Azərbaycana gəlmək istəmədiyini dedi”.

Məsələyə aydınlıq gətirmək üçün klub prezidenti Misir Əbilovla əlaqə saxlamağı lazım bilən təşkilatçılar istəyinə çatmadı. Səsin pis eşidildiyini bildirən Əbilov yalnız oyunçuların maaşla bağlı ciddi problem yaşamadığını bildirdi: “Futbolçuların əmək haqlarını veririk.
Yalnız bir ayin pulu qalib ki, bunu da həll edəcəyik”.





0