Gürcüstanlı legioner Bakıda çətin vəziyyətlə üzləşib
23.10.2008 - 18:08
Gürcüstanlı legioner Bakıda çətin vəziyyətlə üzləşib
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakılı” klubunun gürcüstanlı legioneri David Kokaşvilinin vətəninə getməyə pulu yoxdur. Cari mövsümdən ölkəmizdə çıxış edən 25 yaşlı hücumçu çıxılmaz vəziyyətdə qalıb.

Kokaşvili “APA-Sport”a açıqlamasında həqiqətən də maliyyə çətinliyinin olduğunu etiraf edib: “Lazım gələrsə, Gürcüstana getmək üçün borc pul taparam. Ancaq mən “Bakılı”nı tərk etmək fikrində deyiləm. Vətənimə qayıtmağım yenidən orada çıxış etmək yox, yaxınlarımı görmək məqsədi daşıyır”.

Cari mövsümün sonunadək “Bakılı” ilə müqaviləsi olan futbolçu vəziyyətin düzələcəyinə böyük ümid bəsləyir: “Komandamızda maliyyə vəziyyətinin ağır olması artıq hamıya məlumdur. Buradakı qazancımla Bakıda yaşamaq çətindir. Evim yoxdur, kirayədə qalıram. Kirayə haqqının yarısını mən, yarısını isə rəhbərlik ödəyir. Maliyyə problemləri olan yerdə oynamaq, çalışmaq çətindir. Bu, komandanın çıxışına böyük təsir göstərir, turnir cədvəlində sonuncu yerdəyik. Bununla belə, yaxın vaxtlarda hər şeyin qaydasına düşəcəyinə inanıram. Hesab etmirəm ki, rəhbərlik bizi aldadır. Hər halda, pul olsaydı, verərdilər. Vəziyyətə dözüb, çıxışımı davam etdirəcəyəm. Premyer Liqada çıxışımızı dayandırmaq haqda bizə heç nə deyilməyib”.
0