Plastik qablar lideri 2000 manat ziyana saldı
23.10.2008 - 18:17
Plastik qablar lideri 2000 manat ziyana saldı
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) bu gün keçirdiyi iclasında klublara 7800 manatlıq cərimə kəsib. “APA-Sport”un məlumatına görə, lider “Xəzər-Lənkəran” son turda “Neftçi” ilə oyunun 38-ci dəqiqəsində meydana plastik qablar atıldığı üçün 2000 manat cərimələnib. Lənkərandakı görüşü izləyən AFFA-nın və Peşəkar Futbol Liqasının rəsmi şəxsləri matç zamanı asayişi qoruyan polislər tərəfindən “Neftçi”nin azarkeşlərinə qeyri-etik hərəkətlər olunduğu bildiriblər. NİK belə hadisənin təkrarlanacağı təqdirdə, ciddi tədbirlərə əl atacaq.

Qurum “Qəbələ”, “Bakı”, “Simurq” klublarını futbolçuları nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığı üçün hərəyə 1000 manat cərimələnib. Əvəzedici komandaların da çempionatında baş verənlərə hüquqi qiymət verən NİK “Neftçi”nin gənc futbolçusu Tural İsgəndərova göstərilən qırmızı vərəqəni ləğv edib. NİK hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan Tural və oyunu idarə edən hakimləri dəvət edərək, onları üzləşdirib. Bundan sonra futbolçunun hakimi təhqir etmədiyi aydınlaşıb və bu hadisə oyunun videoyazısında da öz əksini tapıb. Belə olan halda, İsgəndərova verilən qırmı vərəqə ləğv edilib, Hakimlər Komitəsinə isə “Xəzər-Lənkəran”la “Neftçi”nin əvəzedici komandalarının oyununu idarə edən hakimlər haqda ölü götürülməsi tapşırılıb.


0