Yunanlar Skibbeni həyəcanlandırıblar
24.10.2008 - 10:51
Yunanlar Skibbeni həyəcanlandırıblar
Bakı - APA-Sport. “Layiqli qələbə qazandıq. Rəqib komandaya boş sahə vermədiyimizdən istəyimizə çatdıq”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Mixael Skibbe deyib.

Almaniyalı çalışdırıcı bildirib ki, UEFA Kubokunun qrup mərhələsinin ilk turunda “Olimpiakos”la qarşılaşmanın heç-heçə nəticələnmək ehtimalı da olub: “Real qol epizodlarından yararlana bilsəydik, oyunun taleyini daha tez həll edərdik. Bəlkə də buna görə uzatma dəqiqələrində qapımız önündə 2 təhlükəli vəziyyət yarandı. Az qala 1 xalla razılaşacaqdıq”.

UEFA Kubokunu qazanmaq istədiklərini söyləyən Skibbe hədəfə doğru addım-addım irəliləyəcəklərini vurğulayıb: “Düzdür, Kadıköydəki finala çox var və qarşıda bizi güclü rəqiblər gözləyir. Bu oyunlara ciddi hazırlaşmağımız lazımdır. Kadıköydə qalib gəlmək istədiyimiz ilk matç, 3 həftə sonra “Fənərbaxça” ilə derbi görüşüdür”.
0