Gökdəniz Rusiya futbolunun tarixinə düşə bilər
24.10.2008 - 12:14
Gökdəniz Rusiya futbolunun tarixinə düşə bilər
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyə yığmasının üzvü Gökdəniz Karadəniz Rusiya futbolunun tarixinə düşə bilər. “APA-Sport”un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi qonşu ölkə çempionatında ən yaxşı debütant olmağa namizədlər sırasında yer alıb. Buna nail olmaq üçün mövsümdə ən azı 20 oyun keçirmək lazımdır ki, Karadəniz bu göstəricidə bütün rəqiblərini qabaqlayır. Kazan klubunun heyətində 23 görüşdə meydana çıxan türkiyəli yarımmüdafiəçi 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

Türkiyə yığmasının heyətində son Avropa çempionatının bürünc mükafatçısı olan Karadənizin ən yaxşı debütant seçilməsini Rusiya yığmasının sabiq baş məşqçisi Boris İqnatyev də dəstəkləyir. Təcrübəli mütəxəssis onu vaxtilə ələ keçirə bilmədiyinə görə təəssüflənib: “Heç şübhəsiz ki, Gökdəniz böyük ustadır. “Saturn”da işlədiyim zaman danışıqlar apardığımız bu futbolçunu transfer edə bilmədiyimizə görə indiyədək çox üzülürəm. Çempionatın əvvəlində möhtəşəm görünən Karadənizin sonradan geriləməsi başa düşüləndir. Mənə il yarımda gərgin rejimdə yaxşı oynamağı bacaran futbolçu göstərin? Onu sadəcə, sıxdılar”.


0