Kara da iddialıdır, Hacıyevski də
24.10.2008 - 13:32
Kara da iddialıdır, Hacıyevski də
Bakı. Mehman Süleymanov - APA-Sport. Bazar günü Azərbaycan Premyer Liqasının IX turunun mərkəzi görüşündə lider “Xəzər Lənkəran” ən yaxın izləyicisi “Bakı” klubunun qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyundan əvvəl Lənkəran təmsilçisinin baş məşqçisi Rasim Kara iddialı açıqlama verib. Hazırlığın normal getdiyini söyləyən Kara bildirib ki, komandası bu oyuna da qələbə üçün çıxacaq: “Düzdür, Cambazovun yoxluğu müəyyən problemlər yaradır. Amma bu, iddiamıza təsir edə bilməz. Qələbə seriyasını sürdürmək, ardıcıl səkkizinci qələbəmizi qazanmaq istəyirik. “Bakı” çox yaxşı rəqibdir. Təsadüfi deyil ki, ən yaxın izləyicimiz məhz bu komandadır”.

“Biz liderlə görüşə yalnız qələbə qazanmaq üçün çıxacağıq. Çünki ilk pilləni ələ keçirmək üçün bundan yaxşı fürsət ola bilməz”. Bu fikirləri isə “APA-Sport”a açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib.

53 yaşlı makedoniyalı mütəxəssis bu oyunda meydan amilindən istifadə etməyin vacibliyini bildirib: “Lənkəranda oynasaydıq, oradakı atmosferdə qələbə qazanmaq çətin olardı. Ancaq liderlə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşırıq və deməli, mütləq qalib gəlməliyik. Rəqib komanda şəraitinə, təşkilatçılığına, oyun nizam-intizamına görə Azərbaycanda ən yaxşılardandır. Bununla belə, biz bu klubun qələbə seriyasını qırmaq gücündəyik. Cari mövsümdə lənkəranlılarla müqayisədə biz daha çətin oyunlar keçirmişik. Rəqibin isə ciddi sınağı yalnız son turda “Neftçi” ilə görüşdə olub. Ardıcıl 7 oyun qələbə qazanan “Xəzər-Lənkəran”ın çətin oyunları hələ qabaqdadır. İstənilən halda, biz lideri dayandırmağa köklənmişik”.

Hacıyevski əlavə edib ki, rəqib komandanın heyətində vurduğu 9 qolla cari mövsümün bombardiri olan bolqarıstanlı hücumçu İvan Svetkovu hələ vətənində çalışarkən tanıyır: “İvan texnikalı hücumçudur, yaxşı qol duyumu var. Cərimə meydanında çox təhlükəlidir. Hər halda, zəif cəhətləri də olduğundan onun qarşısını almağı bilirəm. İvan sürətli futbolçu deyil. Elə buna görə də vaxtilə hücumda deyil, orta sahədə çıxış edib”.


0