Xodukin Gedenin islahatlarına toxundu
24.10.2008 - 16:02
Xodukin Gedenin islahatlarına toxundu
Bakı. Mehman Süleymanov - APA-Sport. “İnter”lə “Neftçi” bir-birini qıcıqlandıra bilən komandalardır. Barışmaz rəqiblərin görüşü həmişə gərgin və maraqlı alınır”. Bunu “APA-Sport”a açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

İki ildir “Neftçi” üzərində qələbə qazana bilməyən 69 yaşlı ukraynalı mütəxəssis bildirib ki, bu rəqiblə oynamaq çətindir: “Rəqib komanda ötən mövsümün ilk dövrəsində, Vlastimil Petrjelanın yeni gəldiyi vaxtda da zəif çıxış edirdi. Ancaq bizimlə oyunda xoş təsir bağışladı və xal qazandı. Yəni, “Neftçi” istənilən halda, “Neftçi”dir. Amma komandamı da onlar üçün ciddi rəqib sayıram. Gedenin heyətdə islahatlar etməsi “Neftçi”nin çıxışına təsir göstərir. Demyanenkonun vaxtındakı oyunun indikindən fərqlənməsi bəzi ifaçıların dəyişdirilməsi ilə bağlıdır”.

“Neftçi” klubunun cari mövsümdə uğursuz çıxışını müvəqqəti hal hesab edən Xodukin vurğulayıb ki, belə şeylərə qətiyyən fikir vermir: “Məgər kimin problemi yoxdur? Hər bir komandanın özünəməxsus çətinliyi var. Rəqibin uğursuz çıxışı bizi arxayınlaşdırmır. Əskinə, oyunu ciddi hazırlaşmışıq və qələbə qazanmaq istəyirik. Kim meydanda ən yaxşı keyfiyyətlərini ortaya qoysa, o da nəticə qazanacaq. Təbii ki, idman xoşbəxtliyi, bəxt, hakimlikdən də çox şey asılıdır. Əsas istəyim odur ki, Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadası ciddi səhvlərə yol verməsin”.
0