Tomas Bek Azərbaycanla oyunu unuda bilmir
24.10.2008 - 16:27
Tomas Bek Azərbaycanla oyunu unuda bilmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Futbolçu karyeramda çox yaxşı xatırladığım oyunlar var. Azərbaycan yığması ilə qarşılaşma da belə görüşlərdəndir”. “APA-Sport”un məlumatına görə, bu sözləri Lixtenşteyn yığmasının yarımmüdafiəçisi Tomas Bek deyib.

2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ötən ay Bakıda keçirilən qarşılaşmada millimizə qarşı oynayan 27 yaşlı futbolçu komandamıza fərqli hisslərlə yanaşıb. Azərbaycan yığmasına qarşı hələ 10 il əvvəlki görüşdə də start heyətində meydana çıxan Tomas Vadutsda baş tutan görüşü belə xatırlayıb: “Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdiyimiz həmin matç bizim üçün xüsusi əlamətdardır. Axı bu, yığmamızın tarixində ilk qələbəsidir. Təbii ki, Latviya və İslandiya ilə 3 xal əldə etdiyimiz matçları da unutmamışam. Şübhəsiz ki, Portuqaliya ilə 2:2 hesablı heç-heçə etdiyimiz matç da bu sıradadır. Həmin görüşdə mən də fərqlənmişdim. O vaxt necə sevindiyimiz hələ də yadımdadır. İslandiyanı evdə böyük hesabla udub, səfərdə heç-heçə etdiyimiz hər iki qarşılaşmanı da nəzərə alsaq, karyeramdakı bu 5 oyunun xüsusi çəkiyə malik olduğunu söyləyə bilərəm”.


0