Ponomaryov İsveçə əliboş qayıdır
24.10.2008 - 17:50
Ponomaryov İsveçə əliboş qayıdır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakıya səfərimdə özümə yeni iş yeri tapacağıma ümid etmirdim. Çünki mövsüm yeni başlayıb və hər klubun baş məşqçisi var”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov deyib.

Artıq il yarımdır işsiz qalan 48 yaşlı mütəxəssis Azərbaycan çempionatının debütantı NBC (Salyan) ilə danışıqlar apardığını təsdiqləyib: “Klub rəhbərliyi ilə görüşüm oldu. Hətta yeni açılan stadionlarını görmək üçün Salyana gedib, orada görülən işlər, infrastrukturla tanış oldum. Açığı, gördüklərim xoşuma gəldi. Yaxşı planları var və bunu həyata keçirmək fikrindədirlər. NBC uşaq futboluna xüsusi diqqət yetirməyi planlaşdırır ki, bu da çox yaxşı haldır”.

Ponomaryov NBC rəhbərliyi ilə görüşdüyünü desə də, bu barədə geniş danışmaq istəməyib: “Sadəcə, razılaşa bilmədik. Konkret hansı məsələdə ortaq məxrəcə gəlmədiyimizi demək düzgün olmazdı. İstəmirəm ki, arada nəsə narazılıq olsun. Həm də biz konkret hansısa vəzifə yox, ümumi futbol, inkişafı yolları ilə bağlı söhbətləşdik. Ola bilsin ki, gələcəkdə əməkdaşlığımız baş tutsun. Hazırda isə İsveçə qayıtmağa hazırlaşıram. Azərbaycanda mənimlə əməkdaşlıq etmək istəyənlər məni necə axtarıb tapmağı bilirlər”.
0