Albaniya yığması Bakıya gəlir
24.10.2008 - 23:46
Albaniya yığması Bakıya gəlir
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan futbol yığması noyabrın 19-da Albaniya ilə yoldaşlıq görüşü keçirə bilər. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən “APA-Sport”a verilən məlumata görə, bununla bağlı şifahi razılıq əldə olunub. Tərəflər bu məsələni rəsmiləşdirəcəkləri təqdirdə, albaniyalılar gələn ay Bakıya təşrif buyuracaqlar.

Hazırda Albaniya milli komandası FİFA-nın reytinq cədvəlində Azərbaycandan 60 pillə yuxarıda, 83-cü sırada qərarlaşıb. 2010-cu ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmağa iddialı olan adıçəkilən yığma qrupda 5 xalla 4-cü yeri tutur. Hollandiyalı baş məşqçi Arye Hanın yetirmələri son rəsmi matçda səfərdə Portuqaliyadan bir xal almaqla (0:0), sensasiyaya imza atıblar.

Qeyd edək ki, milli komandamız noyabrın 19-da Latviyanı qəbul etməli idi. Lakin bir neçə gün öncə latviyalılar nəqliyyat problemini əsas gətirərək, paytaxtımıza gəlməkdən imtina ediblər.


0