Löv Ballakın ayağına gedir
25.10.2008 - 10:11
Löv Ballakın ayağına gedir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Almaniya yığması üzləşdiyi problemi ölkədən kənarda həll edəcək. “APA-Sport”un məlumatına görə, komandanın baş məşqçisi Yoahim Lövlə kapitanı Mixael Ballak arasında yaranan qalmaqal İngiltərənin paytaxtı Londonda baş tutacaq görüşdə qaydasına qoyulmalıdır. Bir müddət əvvəl Ballakın tənqid etdiyi Löv qəzəblənərək onun üzr istəməsini tələb etmiş, sonradan isə futbolçu ilə danışıqlar masasına əyləşməyə qərar vermişdi.

Baş məşqçi kapitanı özünün yaşadığı Frayburqa dəvət etsə də, tərəflərin Almaniyada görüşməsi baş tutmayacaq. Belə ki, Mixaelin çıxış etdiyi İngiltərənin “Çelsi” klubu futbolçunun ölkəni tərk etməsinə icazə verməyib. Buna səbəb əməliyyatdan sonra bərpa prosesini keçən yarımmüdafiəçinin durumudur. Həkim nəzarəti altında olan Ballakın Londonu tərk etməsini məqbul saymayan klub rəhbərliyinin qadağası Lövü oyunçunun ayağına getməyə vadar edib. Noyabrın 19-da Almaniya və İngiltərə millilərinin oyununadək aralarındakı münasibətləri qaydasına qoymaq arzusunda olan Löv Ballakla telefon danışığından sonra bir neçə günlük London səfərinə çıxmağa razılaşıb.

Almaniya futbolunun ən nüfuzlu simalarından olan Frants Bekkenbauer də Almaniya millisinin Ballaka ehtiyacı olduğunu bildirib: “Ballak bizdə olan ən yaxşı oyunçudur. O, Almaniyada dünya səviyyəli yeganə futbolçudur. Son illər Ballak komandanın əsl liderinə çevrilib. Sərəncamında belə futbolçu olan məşqçi sadəcə onsuz keçinə bilməz”.


0