İkisi var idi, biri yox!
25.10.2008 - 11:55
İkisi var idi, biri yox!
Bakı. Mehman Süleymanov - APA-Sport. Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Mançester Yunayted” - “Seltik” oyununda (3:0) kobud hakim səhvləri aşkar olunub. “APA-Sport”un məlumatına görə, “Old Trafford” stadionunda keçirilən matçı idarə edən Frank de Blekerenin başçılıq etdiyi hakimlər briqadası meydan sahiblərinin bolqar hücumçusu Dimitar Berbatovun hər iki qolu ofsayddan vurduğunu etiraf edib. Bu azmış kimi, Ueyn Runi qapıya zərbə vurarkən səhvən oyundankənar vəziyyətdə olması göstərilərək, təmiz qolu hesaba alınmayıb.

Məsuliyyətdən qaçmayan yan xətt hakimi Aleks Verstraten matçdan sonra videoyazıya baxarkən təəccübləndiyini bildirib: “Mən səhvimi boynuma alıram. Amma məni də başa düşməyinizi xahiş edirəm. Yəqin ki, ofsayd hakimlikdə ən çətin işdir. Tərslikdən səhvlərimiz qola gətirib çıxarır. İndiyədək idarə etdiyimiz 52 beynəlxalq oyunda ilk dəfədir səhv edirik”.

Bununla bağlı hər hansı şikayətin olmadığını bəyan edən Frank de Blekere köməkçisinə görə pis vəziyyət qalıb: “Meydanı yaxşı əhval-ruhiyyədə tərk edirdim. Ancaq video təkrara baxıb, səhvlərimizi görəndən sonra xəcalət çəkdim. Hakimlər briqadası bir komandadır. Biz həm Avropa çempionatında, həm də Çempionlar Liqasında yaxşı işlədik. Belə utandırıcı səhvlərdən dərs çıxarmaq üçün bir-birimizlə anlaşmanı daha da yaxşılaşdırmalıyıq”.


0