“Fənərbaxça”da nə baş verir?
25.10.2008 - 12:37
“Fənərbaxça”da nə baş verir?
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fənərbaxça” klubunda qalmaqal səngimək bilmir. “APA-Sport”un Türkiyə mətbuatına istinadən məlumatına görə, ispaniyalı baş məşqçi Luis Araqones Çempionlar Liqasında “Arsenal”a böyük hesabla uduzduğu (2:5) oyunda adını iştirak ərizəsinə salmadığı Kazım Kazımı sərəncamında görmək istəmir. 70 yaşlı mütəxəssis onu dövrlərarası fasilədə transferə çıxarılacaq futbolçuların siyahısına daxil etmək fikrindədir. Rəhbərlik isə gənc, perspektivli futbolçunu transfer etmək üçün böyük səy göstərdiyindən, Araqonesin təklifinə yaxşı baxmır.
Kazım isə öz növbəsində “Fənərbaxça”da xoşbəxt olmadığını və bu səbəbdən getmək istədiyini bildirib.
Klub prezidenti Yıldırım isə yeni transferlərlə məşğuldur. O, “Zenit”in hücumçusu Andrey Arşavinlə yanaşı, bu komandanın kapitanı Anatoli Timoşuku da hədəfə alıb. Timoşuk orta sahədə Araqonesin həmyerlisi olan Xosiko və çilili Maldonadonu əvəzləyəcək. Hər iki yarımmüdafiəçi baş məşqçi ilə birgə geri göndəriləcək. “Kayserispor”un kapitanı Mehmet Topuzun da transferi gündəmdə qalır. Braziliyalı Aleks və uruqvaylı Luqano ilə müqaviləni uzatmağa hazırlaşan “Fənərbaxça” baş məşqçi postuna italyan Roberto Mançini ilə yanaşı, Mirça Luçeskunu namizəd kimi görür. Türkiyədə yalnız “Fənərbaxça”nı çalışdırmaq istədiyini deyən rumın mütəxəssislə görüşdə prinsipial razılıq əldə olunub.
0