Ponomaryov “Degerfors”dan ayrılır
26.10.2008 - 00:18
Ponomaryov “Degerfors”dan ayrılır
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Anatoli Ponomaryovun şərəfini qoruduğu “Degerfors” klubu İsveç çempionatının ikinci divizionuna yuvarlanıb. “APA-Sport”un məlumatına görə, adıçəkilən komanda birinci divizionda 16 kollektiv arasında sonuncu olub.

“Degerfors” axırıncı turda səfərdə “Brommapoykarna” ilə qarşılaşıb. Qonaqlar bütün güclərini səfərbər etsələr də, məğlubiyyətdən yaxa qurtara bilməyiblər - 0:2. Bu oyunda Ponomaryov ikinci hissədə meydana daxil olub. Fasilədə Andreas Holmberqi əvəzləyən 26 yaşlı həmyerlimiz komandasına heç cür yardım göstərə bilməyib.

24 xalla 16-cı yeri tutan “Degerfors” 2009-cu il mövsümündə ikinci divizionda çıxış etməlidir. Ancaq gələn il heyətdə Ponomaryovun yer alıb-almayacağı məlum deyil. Çünki təcrübəli yarımmüdafiəçi bir müddət öncə “APA-Sport”a açıqlamasında demişdi ki, birinci divizionda yerini qoruya bilməyəcəyi təqdirdə, “Degerfors”dan ayrılacaq. O, Belçika, həmçinin İsveç klublarından təklif aldığını söyləmişdi. Çox güman ki, milli komandamızın üzvü tezliklə iş yerini dəyişəcək.

Qeyd edək ki, İsveçdə böyüyüb-başa çatan Ponomaryov indiyədək bu ölkə ilə yanaşı, Yunanıstan, İspaniya və Lixtenşteyndə legioner həyatı yaşayıb. Olimpiya çempionu İqor Ponomaryovun oğlu olan futbolçu bir neçə il öncə Azərbaycanda “Bakı”, “Qarabağ” və “İnter” klublarının da şərəfini qoruyub.





0