Alban tarixi
27.10.2008 - 12:35
Alban tarixi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Albaniya milli komandası Bakıya yubiley üçün gəlir. “APA-Sport”un məlumatına görə, Azərbaycanla noyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda yoldaşlıq oyunu keçirəcək Albaniya yığması tarixi ərzində 199 qol vurub. İndiyədək 232 qarşılaşmaya çıxan albanlar cəmi 50 qələbə qazanıb. 44 heç-heçəyə nail olan və 138 dəfə uduzan rəqibimiz öz qapısından 409 top buraxıb.

Albaniya milli komandası 1930-cu ildə yaransa da, ilk beynəlxalq oyununa düz 16 il sonra çıxıb. 1946-cı ildə Yuqoslaviyaya 2:3 hesablı məğlubiyyətlə dünya səhnəsinə çıxan rəqibimiz ilk qələbəsini də həmin il qazanıb. Bolqarıstanı 3:1 hesabı ilə üstələyən Albaniya yığması ilk səfər qələbəsini iki il sonra Rumıniyada qazanıb – 1:0.

Tarixinin ilk illərində yalnız yoldaşlıq oyunları ilə kifayətlənən albanlar ən biabırçı nəticəsini də o zaman rəsmiləşdirib. 1950-ci ildə Macarıstan yığması bu komandanın daşını daş üstdə qoymayıb – 12:0. 1963-cü ilə qədər dünya və Avropa çempionatlarının seçmə mərhələlərinə qatılmayan yığmanın debütü 45 il əvvələ təsadüf edib. Əvvəl Olimpiadanın seçmə oyunlarında Bolqarıstana hər iki qarşılaşmada uduzan rəqibimiz qitə çempionatına gedən yolda Danimarka ilə görüşdə uğursuz siftə edib - 0:4. Lakin ilk qələbə də şimallılarla cavab matçında reallaşıb - 1:0.

1960 və 1976-cı ildə keçirilən qitə birinciliklər istisna olmaqla, daim seçmə mərhələlərdə iştirak edən Albaniya Avropa çempionatının final mərhələlərinə heç yaxınlaşmayıb. Bu mərhələlərdəki 73 matçda rəqibimiz 10 qələbə və 17 heç-heçəyə sevinibsə, 46 dəfə məğlubiyyət acısı yaşayıb (top fərqi - 55:140).




1966-cı ildə keçirilən dünya çempionatının seçmə mərhələsində debüt edən albanlar 1974-cü ildə də analoji yarışa qatılır. 1982-ci ildən isə onlar turnirin daimi iştirakçılarıdır. Bu müddətdə qazancı 11 qələbə və 9 heç-heçə olan milli komandanın 58 dəfə meydanı xalsız tərk edib (top fərqi – 50:153).

Seçmə mərhələlərdə autsayderlərdən olmağa adət edən Albaniya təsadüfi qələbələri ilə təsəlli tapır. 1986-cı ildə dünya çempionatında dördüncü olan Belçikanı evdə 2:0 udub, səfərdə əvvəlki çempionatın yarımfinalçısı Polşa ilə heç-heçə (2:2) edən yığma seçmə mərhələnin sensasiyaları ilə öyünürdü. 1998-ci ildə tarixinin ən böyük qələbələrindən birini qazanan albanlar səfərdə keçirilən yoxlama oyununda Türkiyəni 4:1 hesabı ilə udub. Sonralar seçmə mərhələlərdə əvvəl Rusiyanı 3:1, ardından qitə çempionu titulunu daşıyan Yunanıstanı 2:1 üstələyən Albaniya ən yaxşı halda, qrupda iki rəqibini qabaqlaya bilib. Rusiyanın məğlub edildiyi 2003-cü ildə Albaniya tarixinin ən böyük hesabına sevinir. Onlar Vyetnam komandasını 5:0 hesabı ilə udur.

Cəzalara meylli olan Albaniya yığması 7 ay əvvəl FİFA tərəfindən cəzalanmışdı. Dövlətin futbola qarışmasına görə yığma beynəlxalq oyunlar keçirmək hüququndan məhrum edilmişdi. Əslində, rəqib belə cəzalara öyrəncəlidir. 1998-ci ilin dünya çempionatının seçmə oyunları öz meydanında keçirməsinə də qadağa qoyulmuş albanlar neytral meydana üz tutmuşdu.

Bu ilin yanvarında hollandiyalı Ari Haanı yığmanın baş məşqçi postuna gətirən albanlar da bizim kimi almaniyalıların rəhbərliyi altında inkişaf edib. 2002-2006-cı illərdə milliyə rəhbərlik edən Hans Peter Brigel Rusiya və Yunanıstan üzərindəki adıçəkilən qələbələrin memarı olub. Ondan sonra bir mərhələlik yığmaya rəhbərlik edən xorvat Otto Bariş isə postunu hollanda verib.

Millimizlə Bakıda qarşılaşacaq Albaniya ev oyunlarını “Kemal Stafa” stadionunda keçirir. Ölkədə daha böyük – 30 min tamaşaçı tutan arena olsa da, albaniyalılar əksər hallarda 19200 nəfərlik stadiona üstünlük verir. Rəqibimizin heyətində ən çox oyun keçirən Foto Strakoşa yığmada 73 qarşılaşmaya çıxıb. Millinin ən məhsuldar futbolçusu olan Alban Buşi isə 14 qolla birinci pillədə qərarlaşıb.

Albaniya yığmasının tarixində cəmi iki titul var. İlk oyununu keçirdiyi 1946-cı ildə Yuqoslaviya, Rumıniya və Bolqarıstanla mübarizədə birinci olan rəqibimiz Balkan kubokunu qazanmaqla, beynəlxalq arenaya atılmışdı. Lakin ikinci titulu 54 il gözləmək lazım gəldi. Avropanın zəif yığmaları üçün Maltada təşkil olunan “Rothmans Football International Tournament” kubokunda birinci yeri tutan albanlar Malta, Andorra və Azərbaycan millilərini arxada qoyub. Həmin turnirdə yığmamız noyabrın 19-dakı rəqibinə 0:1 hesabı ilə uduzmuşdu. Bundan iki il sonra da Albaniyaya eyni hesabla uduzan yığmamız son dəfə 2005-ci ildə bu rəqiblə qarşılaşıb. Zaur Tağızadənin hesabı aşdığı görüşdə meydan sahibi olan Brigelin yetirmələri 2:1 hesabı ilə qalib gəlib.




Əsas yığmanın aşağı səviyyəli turnirlərdəki qələbələrinə baxmayaraq, albaniyalılar daha çox gənclər yığması ilə öyünür. 1984-cü ildə AFR-ı seçmə mərhələdə mübarizədən kənarlaşdıran albanlar Avropa çempionatının ¼ finalınadək irəliləyib.

Milli komandalar səviyyəsində üç dəfə qarşılaşan Azərbaycanla Albaniya arasında daha bir “bağ” futbolçularla bağlıdır. İndiyədək Azərbaycan klublarında üç albaniyalı peyda olub ki, “Bakı”nın dəvət etdiyi Suad Liçi və Alban Draquşa Premyer Liqada debüt etməmiş geri qaytarılıb. UEFA kubokunun “Jilina” ilə oyunlarında iştirak edən Suaddan fərqli, Draquşa yeni komandasında heç debüt də etmədi.

Onlardan bir il əvvəl Azərbaycana gələn ilk albaniyalı isə təkcə “cığıraçan” olmaqla kifayətlənməyib. 2004-cü ildə yaranan “Xəzər-Lənkəran”ın ilk transferlərindən olan Çöri İlir ölkəmizdə keçirdiyi yarım mövsümdə kifayət qədər oynamaq şansı qazandı və hətta qol da vurdu. Bu qol “Xəzər-Lənkəran”ın tarixinə komandanın ilk qolu kimi düşüb. 2004-cü il avqustun 7-də Tovuzda keçirilən “Turan” – “Xəzər-Lənkəran” matçında hesabı açan İlir Azərbaycanda meydana ayaq basan ilk, Premyer Liqada yeganə albaniyalı oldu.

Hazırda FİFA reytinqində 83-cü olmaqla yığmamızı 63 pillə qabaqlayan Albaniya millisinin tarixində ən pis göstərici 11 il əvvələ təsadüf edib. Antirekordu 124-cü yer olan Albaniya komandamızın 6 aydır həsrət olduğu pilləni ən pis nəticə hesab edir. Rəqibin ən yüksək nailiyyəti isə iki il əvvəl yüksəldiyi 62-ci yer olub.


0