Aslan Kərimovu qovan hakim Afrikaya göndərilir
27.10.2008 - 14:15
Aslan Kərimovu qovan hakim Afrikaya göndərilir
Bakı. Mehman Süleymanov - APA-Sport. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2010-cu il dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin ilkin siyahısını açıqlayıb. “APA-Sport”un məlumatına görə, FİFA-nın Hakimlər Komitəsi Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək turnirə 38 baş hakimin namizəd olması ilə bağlı qərar çıxarıb.

Türkiyəli hakimlərin yer almadığı siyahıya Mettyu Briz (Avstraliya), Həlil Əl-Həmdi (Səudiyyə Ərəbistanı), Ravşan İrmatov (Özbəkistan), Sübhiddin Mohd Salleh (Malayziya), Yuiti Nisimura (Yaponiya), Muhamed Benuza (Əlcəzair), Koffi Koca (Benin), Koman Kulibali (Mali), Cerom Deymon (CAR), Eddi Meyllet (Seyşel), Hoel Aqilar (Salvador), Benito Arçundiya, Marko Rodriqes (hər ikisi Meksika), Karlos Batres (Qvatemala), Ceyr Marrufo (ABŞ), Karlos Amarilya (Paraqvay), Ektor Baldassi (Argentina), Xorxe Larrionda, Martin Vaskes (hər iksi Uruqvay), Pablo Poso (Çili), Oskar Ruis (Kolumbiya), Karlus Simon (Braziliya), Maykl Hester, Piter O’Liri (hər ikisi Yeni Zelandiya), İvan Bebek (Xorvatiya), Oleqariu Benkerensa (Portuqaliya), Massimo Busakka (İsveçrə), Frank de Blekere (Belçika), Tomas Aynvaller (Avstriya), Qjeqoj Qilevski (Polşa), Martin Hansson (İsveç), Viktor Kaşşai (Macarıstan), Stefan Lannua (Fransa), Tom Henninq Evrebe (Norveç), Roberto Rozetti (İtaliya), Volfqanq Ştark (Almaniya), Alberto Undiano Malenko (İspaniya) və Hovard Uebbin (İngiltərə) adı daxil edilib.

Bu hakimlər arasında Azərbaycan milli komandasının oyunlarını idarə edənlər də var. Söhbət Bebek, Aynvaller və İrmatovdan gedir. Bebelkə Aynvaller ötən ilin oktyabrında (13 və 17-də) Tofiq Bəhramov adına Respublika stadionunda iki rəsmi oyun idarə edib. Bebek yığmamızın 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliya (0:2), Aynvaller isə Serbiya millisinə (1:6) uduzduğu oyunda baş hakim olub. Milli komandamızın kapitanı Aslan Kərimovu 27-ci dəqiqədə rəqib komandadakı həmkarı Kriştiano Ronaldonu dirsəyi ilə vurduğu üçün birbaşa qırmızı vərəqə göstərməklə meydandan qovan xorvat hakim Saşa Yunisoğlunu sarı vərəqə ilə cəzalandırıb.

Yığmamızın tarixində öz meydanında ən böyük hesabla uduzduğu oyunu idarə edən Aynvaller Elmar Baxşıyevlə Ceyhun Sultanova sarı vərəqə göstərib. Keçmiş SSRİ-dən dünya çempionatını idarə etməyə yeganə namizəd olan İrmatov isə milli komandamızın yoldaşlıq görüşündə iş başında olub. Özbək hakim ötən ilin fevralın 7-də Karşı şəhərində yığmasının Azərbaycanla qolsuz heç-heçə nəticələn oyununda Vüqar Nadirovu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, hər üç hakimin idarə etdiyi oyunlarda milli komandamızın baş məşqçisi Şahin Diniyev olub.


0