Berti Foqtsdan qisas almağa çalışan kimdir?
27.10.2008 - 15:13
Berti Foqtsdan qisas almağa çalışan kimdir?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsdan qisas almağa çalışırlar. “APA-Sport”un məlumatına görə, noyabrın 19-da yığmamızla yoldaşlıq oyunu keçirəcək Albaniya millisinin baş məşqçisi Ari Haan almaniyalı ilə köhnə “haqq-hesabı” çürütmək arzusundadır. Daha doğrusu, holland mütəxəssis 34 il əvvəlki “zərbənin” heyfini çıxmaq şansı əldə edib.

Belə ki, 1974-cü ildə AFR-da keçirilən dünya çempionatının final mərhələsinin həlledici qarşılaşmasında məhz meydan sahibləri ilə Hollandiya yığması qarşılaşmışdı. Foqts və Haanın 90 dəqiqə əvəzlənmədən meydanda olduğu görüşdə 2:1 hesabı ilə qalib gələn almaniyalılar dünya çempionu, Haan və yoldaşları gümüşlə kifayətlənməli oldular. Yığmamızın məşqçisi həmin qarşılaşmada sarı vərəqə də almışdı. Dörd ildən sonra yenə final mərhələsində, lakin bu dəfə qrupda keçirilən qarşılaşmada Azərbaycan və Albaniya yığmalarının baş məşqçiləri üz-üzə gəldi və hər ikisi fərqləndi. Foqts kapitan kimi meydana çıxıb 90 dəqiqə mübarizə aparmaqla diqqət çəkdisə, Haan komandasının ilk qoluna imza ataraq hesabı bərabərləşdirdi. Həmin görüş isə 2:2 hesabı ilə başa çatdı.

Məğlubiyyətin əvəzini çıxmaq üçün ilk cəhdi baş tutmayan hollandiyalı 30 ildən sonra Bakıda keçiriləcək Azərbaycan – Albaniya qarşılaşmasında qisas almağa çalışacaq. Belə ki, bu iki qarşılaşmadan başqa mütəxəssislərin yolları heç vaxt kəsişməyib.

Qeyd edək ki, 1969-83-cü illərdə Hollandiya millisinin oyunçusu olan Haan “Ayaks” (1969-1975), “Anderlext” (1975-81), “Standard” (1981-83), PSV (1983-84) komandalarında çıxış edib. 1984-cü ildən baş məşqçi fəaliyyətinə başlayan mütəxəssisin rəhbərlik etdiyi çoxsaylı komandalar arasında “Ştutqart”, “Anderlext”, “Feyenord”, həmçinin Çin və Kamerun yığmaları da var.


0