Ronaldo planetin ən yaxşı futbolçusu seçildi
27.10.2008 - 16:06
Ronaldo planetin ən yaxşı futbolçusu seçildi
Bakı. Mehman Süleymanov - APA-Sport. Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası (FİFPro) ötən mövsüm üçün simvolik heyət açıqlayıb. “APA-Sport”un məlumatına görə, “11-lik” 50 minə yaxın peşəkar futbolçunun iştirak etdiyi səsvermənin yekununa əsasən müəyyənləşib.

Dünyanın simvolik yığmasına qeyri-avropalı futbolçulardan yalnız braziliyalı Kaka və argentinalı Lionel Messi düşüb. Doqquz avropalıdan beşi son Avropa çempionu İspaniya, üçü İngiltərə yığmasının üzvüdür. Digəri isə həm “Qızıl top”, həm də “Brilyant top” mükafatına əsas namizəd sayılan portuqaliyalı Kriştiano Ronaldodur. “Mançester Yunayted”də çıxış edən 23 yaşlı Ronaldo FİFPronun versiyasına görə, bu il dünyanın ən yaxşı futbolçusu seçilib. O, səsvermənin yekununa əsasən ən yaxşı seçilməsinə belə münasibət bildirib: “Buna görə, həm “Mançester Yunayted”, həm də Portuqaliya yığmasındakı komanda yoldaşlarıma, habelə doğmalarıma və yaxınlarıma təşəkkür etmək istərdim. Mən onların dəstəyi olmadan bu mükafata sahib çıxa bilməzdim. FİFProya da bu mükafatı təsis etdiyinə və dünyada futbolçularının maraqlarını qoruduğuna görə minnətdaram”.

Qapıçı: İker Kasilyas (“Real”, İspaniya).

Müdafiəçilər: Serxio Ramos (“Real”, İspaniya), Con Terri (“Çelsi”, İngiltərə), Karles Puyol (“Barselona”, İspaniya), Rio Ferdinand (“Mançester Yunayted”, İngiltərə).

Yarımmüdafiəçilər: Stiven Cerrard (“Liverpul”, İngiltərə), Xavi Ernandes (“Barselona”, İspaniya), Kaka (“Milan”, Braziliya).

Hücumçular: Lionel Messi (“Barselona”, Argentina), Fernando Torres (“Liverpul”, İspaniya), Kriştiano Ronaldo (“Mançester Yunayted”, Portuqaliya)











0