Torres, Ronaldo, Messi
27.10.2008 - 16:52
Torres, Ronaldo, Messi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. FİFA hər ilin sonunda dünyanın ən yaxşı futbolçusuna “Brilyant top” mükafatı təqdim edir. 2008-ci il sona yaxınlaşdıqca, bu müsabiqəyə dair tədbirlər görülür. Artıq FİFA milli assosiasiyaların əksəriyyətinə “Brilyant top”un sahibinin müəyyənləşdirilməsi ilə bağlı sorğu göndərib. Qaydaya görə, müsabiqədə yığmanın baş məşqçisi və kapitan il ərzində ən yaxşı oyun nümayiş etdirən 3 futbolçunun adını qeyd edir.

Deməli, Azərbaycandan sorğuya milli komandanın baş məşqçisi Berti Foqtsla kapitan Rəşad Sadıqov qatılacaq. Foqts hələlik seçimini etməsə də, Sadıqovun favoritləri bəllidir. “Neftçi”nin də şərəfini qoruyan 26 yaşlı müdafiəçi “APA-Sport”a açıqlamasında “Brilyant top”un sahibi qismində kimi görmək istədiyini söyləyib.

Rəşad istəyir ki, dünyanın ən yaxşı futbolçusu İspaniya milli komandasının və “Liverpul”un üzvü Fernando Torres olsun. Onun fikrincə, 24 yaşlı hücumçu bu ada həm yığmadakı, həm də klubdakı parlaq oyunu ilə layiqdir: “Torres yayda Avropa çempionatının qızıl medalını qazandı. “Liverpul”un Çempionlar Liqasının yarımfinalınadək irəliləməsində də onun əməyi var”.

Sadıqov ikinci yerə portuqaliyalı Kriştianu Ronaldonu layiq görüb. Avro-2008 Ronaldo üçün uğursuz alınsa da, yarımmüdafiəçinin “Mançester Yunayted”in İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olmasında əməyi danılmazdır.

Nəhayət, üçüncü pillə. Rəşad bu yer üçün seçimini Argentina yığmasının üzvü Lionel Messinin üzərində saxlayıb. Messi “Barselona”nın aşkar lideridir. Bundan başqa, Maradonanın xələfi sayılan 21 yaşlı futbolçu Pekində olimpiya çempionu tituluna yiyələnib.

Yeri gəlmişkən, Rəşadın seçimi 2007-ci ildə keçirilən “Brilyant top”un nəticələri ilə çox oxşardır. Həmin vaxt Ronaldo 2-ci, Messi isə 3-cü sırada qərarlaşıb. Yeganə fərq odur ki, Sadıqov ötən il birinci yeri tutan braziliyalı Kakanı Torreslə əvəzləyib.

Qeyd edək ki, FİFA-nın müəyyənləşdirdiyi və “Brilyant top”la mükafatlandırdığı sorğuda futbolçuya hər birinci yer üçün 5, ikinci yerə 3, üçüncü yerə isə 1 xal verilir.





0