Hacievskini yandıran qərar
27.10.2008 - 17:36
Hacievskini yandıran qərar
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran”la görüşdə qələbə qazanmağa biz daha yaxın idik. İki xalın itirilməsi təəssüf doğursa da, göstərdiyimiz yaxşı oyun gələcəyə nikbin baxmağa əsas verir. Əsas odur ki, belə oyun tempini davam etdirək”. Bunu “APA-Sport”a açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib.

Premyer Liqanın hesabat turunda lider “Xəzər-Lənkəran”la öz meydanındakı qarşılaşmada qolsuz heç-heçə edən paytaxt təmsilçisinin makedoniyalı çalışdırıcısı hakimliyə toxunub. Hacievski Anar Niyazovun başçılıq etdiyi briqadada yer alan yan xətt hakimi Eldar Nağıbəyova irad bildirib: “Anar yaxşı hakim olmasını qətiyyətli idarəçiliyi ilə göstərdi. Bununla belə, oyundakı hakimlikdən tam razı qaldığımı deyə bilmərəm. Niyazovun yan xətdəki köməkçilərindən Eldar Nağıbəyov bir epizodda kobud səhvə yol verdi. O, bayrağını qaldırmaqla, gürcü hücumçumuz Georgi Demetradzenin ofsaydda olduğunu qeyd etdi. Halbuki, Demetradze həmin epizodda rəqibdən ən azı 5 metr arxada idi. Yəni, oyundankənar vəziyyətdən söhbət gedə bilməzdi. Bu epizodu həm mən, mən də stadiondakılar dəqiq gördüyü halda, hakim səhvə yol verdi. Nəticədə Demetradze qapıçı ilə təkbətək epizodda qol vurmaq şansını əldən verdi”.

Baş məşqçinin fikrincə, sabiq FİFA hakim-köməkçisi Eldar Nağıbəyov səhv etdiyini sonradan anlayıb. Hacievski “Xəzər-Lənkəran”ın qapısına penalti təyin edilməsi ilə bağlı müzakirə obyektinə çevrilən epizod haqda qəti fikir yürütməkdə çətinlik çəkib: “Oyunun videoyazısını izləyib, epizodlara dəqiq baxacağam. Görüşdən sonra həm Niyazov, həm də köməkçisinə ofsayd epizodu ilə bağlı iradımı çatdırdım. Nağıbəyov cavab verdi ki, hakimlikdə səhv olur. Mən də bunu inkar etmirəm. Sadəcə, adama təsir edən odur ki, bəzi hakimlərə haqlı irad bildirəndə, səhvlərini boynuna almaq əvəzinə qarşısındakını günahkar çıxarırlar. Ancaq səhvin etiraf olunması, adama heç olmasa təsəlli verir”.

Qeyd edək ki, Nağıbəyov “Bakı” – “Xəzər-Lənkəran” oyununda ən aşağı qiymət (7,5 bal) alan hakim olub.
0