Ponomaryovun səhhətində problem yaranıb
27.10.2008 - 18:57
Ponomaryovun səhhətində problem yaranıb
Bakı. Mehman Süleymanov – APA-Sport. “Yığmadan qayıdandan sonra klubuma kömək edə bilmədim. Çünki səhhətimdə ciddi problem yaranmışdı”. Bunu “APA-Sport”a açıqlamasında İsveçin “Degerfors” klubunun və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Anatoli Ponomaryov deyib.

Yığmamızın almaniyalı baş məşqçisi Berti Foqtsun Finlandiya ilə rəsmi, Bəhreynlə yoldaşlıq görüşünə çağırdığı 26 yaşlı futbolçu İsveçə qayıdandan sonra yatağa düşdüyünü bildirib: “Bəhreyndə hava çox isti olduğundan, qaldığımız oteldə kondisioner işlədirdik. Kondisioner məni xəstələndirdi. Geri qayıdandan sonra bir həftə yataqdan qalxa bilmədim. Hərarətim 39 dərəcəyə yüksəldiyimdən, özümü pis edirdim. Nəticədə vacib qarşılaşmada əsas heyətdə meydana çıxa bilmədim. İkinci hissədə oyuna girsəm də, məğlubiyyətdən qaça bilmədik. Hər halda, mən meydanda təkbaşına görüşün taleyini həll etmirəm”.

Hazırlığını “Degerfors” klubunda davam etdirən Ponomaryov bunu müqavilə ilə əlaqələndirib: “Komanda ikinci diviziona düşdüyü üçün burada qalmaq fikrim yoxdur. Ancaq anlaşmaya görə, ilin sonunadək “Degerfors”la icarədə olduğumdan, indi gedə bilmərəm. Klubdan məvacib alıram və çempionat bitsə belə, öhdəçiliyi yerinə yetirməliyəm. Komandanın yeni mövsümə hazırlıq çərçivəsində noyabrdakı məşqlərində iştirak edəcəyəm. Bir illik müqaviləm olan İsveçin HAİS klubuna qayıtmaq istəmirəm və buna görə də özümə yeni klub axtaracağam. Azərbaycana isə dönmək istəmirəm. Az öncə Belçikadan mənimlə maraqlansalar da, indi xəbər yoxdur”.


0