Berti Foqts seçilmişlər arasında
27.10.2008 - 19:14
Berti Foqts seçilmişlər arasında
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Almaniya mətbuatı ölkə futbol tarixinin ən maraqlı açıqlamasını müəyyənləşdirmək niyyətindədir. “APA-Sport”un məlumatına görə, yerli “Şpigel” jurnalı buna oxucuları arasında sorğu keçirməklə nail olmaq istəyir.

Almaniya futbolu ilə bağlılığı olan 21 ən maraqlı sitatı müəyyənləşdirən həmkarlarımız seçilmişlər arasından ən yaxşını seçməyi oxucuların öhdəsinə buraxıb. Hər sahədə olduğu kimi, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts burada da özünə yer tapa bilib. Özü də, Foqts bir yox, iki ifadəsi ilə “21-lik”də təmsil olunub.

“Biz hamımız bilirik ki, Mario nə deməyib, o nə deyib, o nə deyib, o nə deyib...” - bu Foqtsun Mario Basler haqda özü qədər məşhur kəlamıdır. Jurnalistin qarşısında unutqanlıq nümayiş etdirən mütəxəssis deməli olduğu sözləri heç cür tapa bilmir. Onun sözləri də məhz bu şəkildə yayılıb.

“Bu qələbə bizim mentalitetdir. Biz onu ruhən istəyirik” - alman futbolçunun mentaliteti haqda deyilən bu sözlər də Foqtsa məxsusdur.

21 açıqlama içərisində iki dəfə təmsil olunan Foqts Lotar Matteusla birgə say göstəricisində liderlik edir. Davam edən sorğuda Foqtsun Baslerlə bağlı kəlamı hələ ki, səslərin 8,6 faizini toplamaqla, IV sırada qərarlaşıb. Digər ifadəyə isə cəmi 1,8 faiz səs verilib.

Bu arada FİFA-nın rəsmi İnternet saytında növbəti forum keçirilir. Bu dəfəki forumda Foqts da xatırlanıb.

“Elə oyunçular var ki, onların ayağına top dəyəndə sanki dirilirlər. Topsuz qalanda isə adi tamaşaçıya çevrilirlər. Məsələn Alfredo Di Stefano, Yozef Masop, Deyv Makkey, Qyaçinto Fakketti, Berti Foqts, Yohan Kroyff, İvan Samorano və Luis Enrike. Onlar vaxtilə məşhur futbolçular idi, sonra isə nümunəvi iş həcminə görə tanındılar” - deyə saytda qeyd olunub.

Azarkeşlər foruma daxil olaraq, müasir dünya futbolunda müxtəlif mövqelərdə as saydıqları oyunçuların adlarını sadalamaq imkanına malikdirlər.
0