Sinan Engin Azərbaycanda işləməyə hazırdır
28.10.2008 - 11:42
Sinan Engin Azərbaycanda işləməyə hazırdır
Bakı. Kənan Həsənov - APA-Sport. “Ölkənizə səfərim “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə reallaşdı. Bu komandanın “Xəzər-Lənkəran”la görüşünü canlı izlədim”. “APA-Sport”un məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun sabiq meneceri Sinan Engin söyləyib.

Bakıda olduğu bir gün ərzində “Bakı” - “Xəzər-Lənkəran” matçını izləyən Engin Azərbaycan futbolunun səviyyəsinin yüksəldiyini deyib. O, həmçinin güclü legionerlərin yerli klublara cəlb edilməsi tendensiyasını davam etdirməyi məsləhət görüb: “İzlədiyim oyun xoşuma gəldi. Taktiki cəhətdən maraqlı mübarizənin şahidi oldum. Komandaların heyətinə güclü futbolçular cəlb edilib. Azərbaycan futbolunun inkişafda olduğunu gördüm. Bu siyasəti davam etdirmək lazımdır”.

Türkiyənin ən tanınmış menecerlərindən olan Əngin Azərbaycan klubları ilə əməkdaşlıq etməyə hər zaman hazır olduğunu da bildirib: “Niyə də olmasın? Mən hazıram. Konkret təklif gəlsə, yəqin ki, bu iş alınar”.
0