Futbolçular “Neftçi” rəhbərliyini hədələdilər
28.10.2008 - 12:57
Futbolçular “Neftçi” rəhbərliyini hədələdilər
Bakı. Mehman Süleymanov - APA-Sport. “15 günə yaxındır komandanın məşqlərində iştirak etmirəm. Bazaya getsəm də, fərdi məşqlərə üstünlük verib, trenajorda çalışıram”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

Komanda yoldaşı Elnur Allahverdiyevlə birgə almaniyalı baş məşqçi Hans-Yurgen Gedenin “qara siyahısı”na düşən 25 yaşlı futbolçunun fikrincə, heyətdən kənarlaşdırılması səhv addımdır: “Bu, bizə qarşı haqsızlıqdır. Baş məşqçi səbəb göstərmədən bizi əvəzedici komandaya göndərir. Axı 15-16 yaşlı futbolçulardan ibarət komandadan necə oyun praktikasını artırmaq olar? Onun “mən belə istəyirəm” deməsi düzgün deyil. Eşitdiyimə görə, Gede xarakterimin xoşuna gəlmədiyini deyib”.

Ukraynalı məşqçi Anatoli Demyanenkonun postundan uzaqlaşdırılmasını səhv addım sayan Sadiqov Gedeni klub rəhbərliyini aldatmaqda da günahlandırıb: “Bir dəfə Gede, vitse-prezident İlqar Quluzadə, mən və Elnurun bazada birgə söhbətimiz oldu. Baş məşqçi söz verdi ki, bizə şans verəcək. Ancaq vədinə əməl etmədisə, deməli, tək bizi yox, rəhbərliyi də aldadır. Hər halda, fakt budur ki, “Neftçi” kimi komanda ən acınacaqlı mövsümünü keçirir”.

Sadiqov vurğulayıb ki, klub rəhbərliyi onların transfer vərəqələrini verməkdə problem yaratmamalıdır: “Komandadan çıxarılırıqsa, ya bizə azad agent statusu, ya da müqaviləyə görə nəzərdə tutulan pulun yarısı verilməlidir. Ola bilər ki, qış fasiləsində Qurban Qurbanovun çalışdırdığı “Qarabağ”a keçək”.

Elnur Abdullayev isə “APA-Sport”a açıqlamasında məşqlərdən kənarda qalmalarını özlərini istəyi ilə əlaqələndirib. 25 yaşlı müdafiəçinin sözlərinə görə, onlar bu addımı məcburiyyətdən atıblar: “Gede ilə problemimiz olduğu üçün ona etiraz edib komandadan ayrıldıq. Hazırda evdə oturmuşam. Başa düşürəm ki, peşəkar futbolçunun belə addım atması səhvdir. Ancaq haqsızlığa dözə bilmədik. Gede formada olduğum halda, səbəb göstərmədən məni oynatmır. Özü də söhbət təkcə bizdən getsəydi, prinsip apardığını düşünmək olardıq. Ukraynalı yarımmüdafiəçi Oleq Gerasimyukla və Ruslan Abbasova da şans vermədi. Bir sözlə, baş məşqçi 4-5 futbolçuya qarşı haqsız münasibət göstərir”.

Ehtiyatda qalmasını normal dəyərləndirən Allahverdiyev Gedenin dövründə vəziyyətin fərqli olduğunu söyləyib. O, “Neftçi”də əvvəlki məşqçilərinin oyunçulara şans verdiyini qeyd edib: “Mən Ağasəlim Mircavadov, Qurban Qurbanov, Vlastimil Petrjela, Anatoli Demyanenkonun dövründə ehtiyatda qalsam da, buna etiraz etməmişəm. Onlar mənə şans veriblər və bundan istifadə edərək, əsas heyətdə möhkəmlənmişəm. Ancaq Gedenin öz planları var. Görünür, komandanı gəncləşdirmək istəyir. Axı “Neftçi” kimi köklü, daim çempionluğa oynayan klubda hansı gəncləşmədən söhbət gedə bilər? Özü də bu siyasət birdən-birə yox, mərhələ-mərhələ, 1-2 oyunçunu cəlb etməklə reallaşır. Məgər əsas heyətə gətirilən təcrübəsiz yeniyetmələr bizdən güclüdürlər? Biz onlardan zəif deyilik axı”.

Allahverdiyev, həmçinin bəyan edib ki, “Neftçi” klubunda baş verənlərdən ürəyi ağrıyır. Müdafiəçi bir daha Gedenin rəhbərliyi altında oynayacağını bildirib: “Onunla münasibətlərim alınmır, futbol baxışlarımız üst-üstə düşmür. Gede olan yerdə mən qalmaram. Bu səbəbdən də komandadan gedəcəyəm. Amma canımı qoyduğum komandanın belə vəziyyətə düşməsi adamın ürəyini ağrıdır. Əsas problem də baş məşqçini tez-tez dəyişməklə bağlıdır. Bir məşqçi gəlir üç, o biri gəlir dörd müdafiəçi ilə oynayır. Bir başqası isə beş yarımmüdafiəçi çıxış edir. Bütün bu yerdəyişmələr futbolçunun oyununa öz mənfi təsirini göstərir. Özü də hamı yeni taktiki sxemə uyğunlaşmır axı. Demyanenko yenicə heyəti qurmuşdu ki, onunla əməkdaşlıq dayandırıldı. Komanda mövsümə iki məğlubiyyətlə başlaya bilər. Guya, Gedenin dövründə yaxşı çıxış edirik? “Simurq”, “Turan”, NBC ilə oyunlarda qələbə qazanmalı olduğumuz halda, vacib xallar itirdik”.
0