Yavaş yavaş-yavaş başladı
28.10.2008 - 17:05
Yavaş yavaş-yavaş başladı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Mən “Qalatasaray” klubundan problemsiz ayrılmışam. İndinin özündə də bu komanda mənim üçün doğmadır və qəlbimdə xüsusi yeri var”. “APA-Sport”un məlumatına görə, bunu “Qəbələ” klubuna dəvət olunan “Qalatasaray”ın sabiq məşqçisi Əli Yavaş bu gün keçirdiyi mətbuat konfransında deyib.

Qəbələ təmsilçisi ilə üç illik müqavilə bağlayaraq, futbol akademiyasına direktor təyin edilən türkiyəli mütəxəssis vurğulayıb ki, Azərbaycanı doğma ölkə sayır: “Burada çalışmaq mənim üçün qürurvericidir. Azərbaycan futbolu haqda məlumatım var. 17 yaşlılardan ibarət yığma komandanızın Avropa çempionatının seçmə mərhələ oyunlarını izləmişəm. “Qalatasaray” və Türkiyə yığmasının oyunçuları olan Arda Turan, Səbri Saroğlu mənim yetirmələrimdir. Azərbaycanda da belə istedadlı oyunçu yetişdirmək üçün potensial var. Niyə ölkənizdə də Arda kimi istedadlı futbolçu yetişməsin? Niyə Türkiyədə olduğu kimi, Azərbaycanda da Avropaya, misal üçün “Milan”a futbolçu getməsin? Sadəcə, düzgün, ciddi iş görmək lazımdır ki, biz da bura bu məqsədlə gəlmişik”.

Yavaşın sözlərinə görə, birgə çalışmaq üçün Türkiyədən Azərbaycana böyük komanda gətirmək fikrində deyil: “İşə iki köməkçimlə birgə başlayacağıq. Gələcəkdə daha birisi gələ bilər. Ancaq biz istəyirik ki, burada həm də yerli uşaq məşqçilərinin səviyyələri artsın. 11-12 yaşından başlayaraq istedadlı futbolçuları seçərək, onları həm “Qəbələ”nin əsas komandasına, həm də Azərbaycan futboluna bəxş etmək istəyirik”.

Bunun üçün zamana ehtiyac olduğunu deyən Yavaş “Qəbələ” rəhbərliyinin münasibətindən razılığını bildirib: “Ardanın üzərində 7, Səbridə 8 il çalışdım. Yəni, futbolçu yetişdirmək asan iş deyil və səbr etmək lazımdır. “Qəbələ”nin gənc prezidenti Tale Heydərovla söhbətimdə bu önəmli amil üzərində fikir mübadiləsi apardım. Onun fikrimi dəstəkləməsi, birgə çalışmaq üçün şəraiti yaratması məni daha həvəsləndirir. Açığı, belə münasibəti görməsəydim, ola bilsin ki, burada çalışmaq təklifini qəbul etməzdim”.
0