“Neftçi” klubunda təmizləmə əməliyyatı
28.10.2008 - 18:50
“Neftçi” klubunda təmizləmə əməliyyatı
Bakı - APA-Sport. “Neftçi” klubunun rəhbərliyi heyətdə təmizləmə əməliyyatına başlayıb. “APA-Sport”un məlumatına görə, aparıcı futbolçular - kapitan Rəşad Sadıqov, yarımmüdafiəçilərdən gürcüstanlı Georgi Adamiya və ukraynalı Aleksandr Çertoqanov komandadan uzaqlaşdırılıb.

Məsələ ilə bağlı “APA-Sport”a açıqlama verən Sadıqov komandadan qovulmasını təsdiqləyib: “Bu, mənim üçün gözlənilməz oldu. Bir saat əvvəl baş məşqçi bizə dedi ki, komandaya lazım deyilsiniz. Səbəb kimi zəif oynamağımızı göstərdi”.

Uzun müddət çıxış etdiyi komandadan kənarlaşdırılan 26 yaşlı müdafiəçi bu addımı dünyada analoqu olmayan hal sayıb: “Dünyanın heç bir yerində mövsümün ortasında oyunçunu komandadan kənarlaşdırmırlar. Bunun üçün transfer dövrləri var. İndiki vəziyyətdə bir ay, ay yarım müddətində oyunçular necə məşq etməlidir? Bunu Gedenin də diqqətinə çatdırdım. O isə bizi məşqlərə buraxmayacağını bildirərək, əvəzedici heyətdə hazırlıq keçməyimizi təklif etdi. Əvəzedicilərlə məşq etməyi özümə qəbahət saymıram. Lazım gəlsə müvəqqəti olaraq onlarla hazırlıq keçə bilərəm. Amma yığma oyunçularının uzun müddət əvəzedicilərlə bir yerdə olması, milli komandanın da ziyanınadır”.

Sadıqovun fikrincə, komandadan kənarlaşdırılması baş məşqçi Hans-Yurgen Gedenin öz qərarı deyil: “Ona yalvarası deyiləm ki? Özünə dedim ki, sənin beynini doldurublar. Ona son oyunlarla bağlı bir neçə sual verdim. Cavab verə bilməməyindən hər şey aydın olurdu. Çünki qərarı o verməmişdi. Sadəcə, klubun ətrafında olanlar onun beynini müxtəlif fikirlərlə doldurublar”.

Qeyd edək ki, az öncə daha iki futbolçu – yarımmüdafiəçi Rəşad Sadiqovla müdafiəçi Elnur Abdullayev də komandadan qovulub. Digər iki futbolçu Ruslan Abbasovla türkiyəli legioner Levent Kartop isə məşqlərə buraxılmır.






0