Çertoqanovdan şok açıqlama
28.10.2008 - 19:06
Çertoqanovdan şok açıqlama
Bakı. Mehman Süleymanov - APA-Sport. “Gede “Xəzər-Lənkəran” və “Turan”la görüşlərdə zəif oynadığımı əsas gətirərək, məni ikinci komandaya göndərdi. Həmin matçlarda isə məni adət etmədiyim mövqedə, yarımmüdafiənin sağ cinahında oynadıb”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Aleksandr Çertoqanov deyib.

Almaniyalı baş məşqçi Hans-Yurgen Gedenin qərarı ilə Georgi Adamiya və Rəşad Sadıqovla birgə əvəzedici komandaya göndərilən 28 yaşlı ukraynalı futbolçu haqsızlıqla üzləşdiyini bildirib: “Gede hələ Azərbaycan yığmasında işlədiyi dövrdə məni bəyənmədiyini deyirdi. “Turan”la görüşdə normal çıxış etdim, Lənkərandakı gərgin atmosferdə isə yaxşı oynamaq çətin idi. “Xəzər-Lənkəran”a məğlub olduğumuz oyunda buraxılan qollarda mənimlə Adamiyanı günahlandırardı və ikinci hissədə bizi əvəzlədi. Sonrakı turda “İnter”lə matçda bizi ehtiyatda saxladı. Həmin oyundakı məğlubiyyətdə isə günahı Rəşad Sadıqovda gördü. Gedenin iddiasına görə, guya futbolçular qruplaşma yaradaraq, ona qarşı çıxır və onun istefasını istəyirik. Komandada futbolçu qalıb ki? Hansı qruplaşmadan söhbət gedə bilər ki, aparıcı oyunçular bir-bir əsas komandadan çıxarılır”.

Daha çox dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Çertoqanovun sözlərinə görə, ikinci komandada məşq etmək istəməməsi heç də Azərbaycan yığmasının üzvü olması ilə bağlı deyil: “Müqaviləyə görə ikinci komandaya göndərilirəmsə, orada oynamalıyam. “Neftçi-2” isə məşqlərini Bakıdan uzaqda, Lökbatanda qazonu bərbad meydançada keçirir. Şərait münasib olsaydı, oraya getməyi özümə qəbahət bilməzdim. Ancaq reallığı nəzərə alsaq, bunu istəmirəm. Gedeyə dedim ki, qışda başqa kluba keçərəm, ilk dövrənin sonuna bir ay qalmış əsas komandada mənə imkan yarat. Ancaq buna icazə vermədiyimdən, fərdi məşqlər etməli olacağam”.

Çertoqanovun Gedeyə növbəti ittihamı daha ağır olub: “O, “İnter”ə 1:3 hesabı ilə uduzduğumuz oyunun axşamı diskotekada qızla oynayırdı. Mən bunu öz gözlərimlə görmüşəm. Həmin vaxt orada, dostumun ad günündə idim. İndi deyin görüm, belə məşqçidən nə gözləyəsən? Məğlubiyyət onun heç vecinə deyil”.





0