Ramin Musayev: “Neftçi” klubundakı vəziyyət qəlbimi yandırır”
29.10.2008 - 11:53
Ramin Musayev: “Neftçi” klubundakı vəziyyət qəlbimi yandırır”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Mən “Neftçi” klubunda baş verən son hadisələrə müdaxilə edə bilmərəm. Bu haqda heç danışmaq fikrim də yoxdur. Çünki komandanın öz rəhbərliyi var”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun sabiq vitse-prezidenti Ramin Musayev deyib.

Bu ilin iyunundan Peşəkar Futbol Liqasının prezidenti postunda çalışan Musayev bildirib ki, uzun müddət çalışdığı komandanın uğursuzluqla üzləşməsi müvəqqəti haldır: “Belə götürəndə, heyətdə yenə həmin futbolçular çıxış edir. Komandanın turnir cədvəlinin 10-cu pilləsində yer alması mənə pis təsir edir. Belə vəziyyətdə olmaları qəlbimi yandırır. Ancaq mən artıq orada çalışmıram, tamam başqa vəzifənin sahibiyəm. Hər halda, hesab edirəm ki, “Neftçi” “qara zolağa” düşüb və bundan çıxan kimi, hər şey qaydasına düşəcək”.

Sabiq vitse-prezident problemlərin onun dövründən başladığını qətiyyətlə təkzib edib. “Neftçi”nin belə acınacaqlı vəziyyətə düşməsini istəməyən Musayevin sözlərinə görə, onun vaxtında vəziyyət qaydasında idi: “Mən işlədiyim müddətdə klubda qruplaşmalar, baş məşqçiyə qarşı münaqişə olmayıb. Sadəcə, həmin vaxt “Neftçi”dən qovulan, adını çəkmək istəmədiyim məşqçi mətbuatda söylədiyi fikirlərlə komandada həm vəhhabi, həm də qruplaşma olduğunu bildirdi. Həmin məşqçinin məqsədi özünə bəraət qazandırmaq idi. O, nəzərdə tutduğu futbolçularla telefon söhbətində isə “sizi nəzərdə tutmuram” deyirdi. Yaxşı, bəs kimi nəzərdə tuturdu?”

Musayev hazırkı almaniyalı baş məşqçi Hans-Yurgen Gedeyə qədər “Neftçi”ni çalışdırmış ukraynalı mütəxəssis Anatoli Demyanenkonun işdən çıxarılmasının düzgün olub-olmadığına da münasibət bildirmək istəməyib: “Bu, klub rəhbərliyinə aid məsələdir və bunu onlardan soruşmaq lazımdır. Demyanenko İntertoto kubokunda iki mərhələ keçməklə, Azərbaycan futbolu tarixində rekord vurdu. Çexiyalı Vlastimil Petrjela nə yatdı ki, nə də yuxu görsün? Qurban Qurbanov isə futbolçu formasını çıxarıb, məşqçiliyə başladı və debüt ilində çempionluğun bir addımlığında idi. Onun baş məşqçi kimi ilk mövsümündə qızıl medal qazanmamağına əsas təsir edən hakimliklə bağlı problem idi”.
0