Rəşad Sadıqov milli komandadan da qovulur?
29.10.2008 - 13:57
Rəşad Sadıqov milli komandadan da qovulur?
Bakı. Mehman Süleymanov – APA-Sport. “Mən yığma komandada oynayan Rəşad Sadıqovla Aleksandr Çertoqanovun “Neftçi” klubundan kənarlaşdırılması barədə Berti Foqtsa məlumat verməmişəm. Ola bilsin ki, bu haqda ona tərcüməçisinin vasitəsilə xəbər çatdırıblar, ya da ki bunu Gede edib”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının və “İnter” klubunun məşqçisi Elxan Abdullayev deyib.

“Neftçi” klubundakı islahatlara toxunan 38 yaşlı məşqçi baş verənləri təəssüflə qarşılayıb: “Sadıqovla Çertoqanov milli komandada hər hansı problem yaratmayıblar. Belə olsaydı, Rəşada millinin kapitanı təyin etməzdik. Sadəcə, klubun daxilində baş verənlərə dəqiq bilmirik. Ola bilsin ki, nəsə var və Gede vəziyyəti bizdən daha yaxşı bildiyi üçün qərarını verib. Şəxsən mənim üçün belə vəziyyətdə futbolçunun yox, klub rəhbərliyi və baş məşqçinin fikri maraqlıdır. Bəlkə bilmədiyimiz elə şeylər var ki, futbolçu həqiqətən də komandada qalmağa və kapitan sarğısını daşımağa layiq deyil. Digər klublar da futbolçu ilə maraqlananda onunla bağlı dəqiq məlumat əldə etmək istəyirlər”.

“Neftçi” klubunun baş məşqçisi Hans-Yurgen Gede hesabat turunda “İnter”ə 1:3 hesablı məğlubiyyətdə əsas günahkar kimi Sadıqovu görsə da, Abdullayev bununla razılaşmayıb. Onun fikrincə, məğlubiyyətə görə günahı bir futbolçuda görmək düzgün deyil: “Sözsüz ki, yığma üzvünə oyun praktikası lazımdır. Ancaq Gede Rəşadı komandadan çıxarsa da, deməyib ki, məşq də etmə. Bu futbolçuların formada qalmaları üçün “İnter”in hazırlığına qatmağa ixtiyarımız yoxdur. Çünki onların müqavilələri olduğu klub buna etiraz edər. Yalnız icazə veriləndə bunu həyata keçirmək mümkündür. Yaxşı ki, qarşıda rəsmi oyunlarımız yoxdur. Yalnız noyabrda Albaniya yığması ilə yoldaşlıq görüşü olacaq. Biz də həmin matçda, misal üçün, Rəşadın əvəzinə başqa futbolçu çağırıb, yoxlaya bilərik. Yığmamızın növbəti rəsmi oyunu gələn ilin martında Rusiya yığması ilə olacaq və həmin vaxta kimi Rəşad, elə Saşa da futbolçu kimi özünə mütləq klub tapacaqlar”.

“İnter” klubundan yığma komandaya dəvət edilən gənc oyunçular Elvin Məmmədovla Cavid Hüseynovun ehtiyatda qalmasına da münasibət bildirən Abdullayev bunu rəqabətin güclü olması ilə əlaqələndirib: “Komandamızda 30-dan çox futbolçu var. Biz nə kimisə sıxırıq, nə də kiməsə düşmən kəsilmişik. Foqts da klub məşqçisini yığma üzvünü oynatmağa məcbur edə bilməz. Çünki hansı futbolçunu heyətə qoymaq klubun daxili işidir. Elvinin mövqeyində latviyalı Andrey Rubin, Caviddə isə litvalı Tadas Labukas oynayır və onlar öz yığmasında çıxış edənlərdir. Maraqlıdır, bəs niyə Samir Abbasov həm “İnter”də, həm yığmada əsas heyətdə oynayır? Deməli, problem futbolçunun özündədir”.
0