Milli komandanın yoldaşlıq görüşünə 450 min dollar xərc
29.10.2008 - 14:07
Milli komandanın yoldaşlıq görüşünə 450 min dollar xərc
Bakı - APA-Sport. Türkiyə Futbol Federasiyası (TFF) yığmanın bu il martın 26-da Minskdə Belarusa qarşı keçirilən yoldaşlıq görüşünün təşkilinə külli miqdarda pul xərcləyib. “APA-Sport”un məlumatına görə, ilin əvvəlində “Kentaro” şirkətinin rəhbərliyi “ay-ulduzlular”a Belarusla qarşılaşmağı təklif edib və bunun müqabilində 450 min dollar istəyib. Təkliflə razılaşan TFF-in o vaxtkı prezidenti Haluk Ulusoy rəsmi müqaviləyə imza atıb.

Belarusla oyuna bir ay qalmış federasiya prezidenti seçilən Hasan Doğan isə nəzərdə tutulan qarşılaşmanın ləğv olunmasını tələb edib. Lakin “Kentaro” görüşün ləğv ediləcəyi təqdirdə, TFF-in 500 min dollar təzminat ödəməli olacağını bildirib. Məcburiyyət qarşısında qalan türkiyəlilər Minskə yollanıblar. Bərbad ot örtüyünə malik “Dinamo” stadionunda baş tutan oyun 2:2 hesabı ilə nəticələnib. Üstəlik, Türkiyə yığmasının aparıcı üzvlərindən sayılan Hamit Altıntop ciddi zədələnib. Sonradan onun zədəsi Avropa çempionatının gedişində də özünü büruzə verib.

“Kentaro” şirkətinin rəsmiləri bu yaxınlarda türklərə daha bir təklif göndərib. Onlar 500 min dollar müqabilində Avstriya ilə yoldaşlıq matçı təşkil etməyə hazır olduqlarını söyləyiblər. Ancaq TFF rəhbərliyi bununla razılaşmayıb. Tezliklə İsveçrədə keçirilən FİFA-nın tədbirində görüşən Türkiyə və Avstriya futbol qurumlarının nümayəndələri öz aralarında razılığa gəliblər. Beləliklə, noyabrın 19-da Vyanada gerçəkləşəcək Avstriya - Türkiyə oyunu “ay-ulduzlular”a havayı başa gəlib.
0