Adamiya Gürcüstana qayıdır
29.10.2008 - 14:42
Adamiya Gürcüstana qayıdır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Qovulmağım həm gözlənilməz, həm üzücü oldu. Çünki bu komandada çıxış etdiyim 4 ildə canımı qoymuşam”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubundan kənarlaşdırılan gürcüstanlı legioner Georgi Adamiya deyib.

2004-cü ilin yanvarında “Birlik kuboku” oyunları zamanı flaqmana keçən 27 yaşlı hücumçunun fikrincə, baş məşqçi Hans-Yurgen Gedenin islahatları düzgün deyil: “Komanda oyunu yoxdursa, zəif çıxış ediriksə, deməli, bunun səbəbləri var. Amma bunu əsas futbolçuların üstünə yıxmağı, belə radikal dəyişiklik etməyi absurd sayıram. Bəlkə də Gede etdikləri ilə özünü göstərmək istəyir”.

“Neftçi” klubunun heyətində sonuncu dəfə “Xəzər-Lənkəran”la səfər oyununda (0:2) meydana çıxan Adamiya zəif çıxışını mövqe dəyişikliyi ilə əsaslandırıb: “Komandada olduğum müddətdə tez-tez mövqeyim dəyişir. Yarımmüdafiənin hər yerində çıxış etsəm də, hücumda oynamaq daha ürəyimcədir. Gede də bizə ona uyğun gəlmədiyimizi dedi. Özü də əvəzedici komandaya göndərilmək söhbəti olmayıb. Əgər belə olsaydı, buna əməl etməkdə heç bir qəbahət görmürəm. Futbolçu ikinci komanda da çıxış edə bilər. Sadəcə, bizə dedilər ki, azad olursunuz. Yəqin ki, rəhbərlik bizə azad agent statusu verməkdə problem yaratmaz”.

Klubla gələn yaya qədər müqaviləsi olan Georgi vətəninə dönmək fikrindədir. O, gələcək karyerası haqda hələ ki düşünmək istəmir: “Bir müddət bu gərginlikdən aralanıb, rahat nəfəs almaq istəyirəm. Yaxın günlərdə evimə dönüb, orada fərdi məşqlər edəcəyəm. Dekabrdan isə özümə klub tapmağa başlayacağam. Vaxtilə başqa klublardan cəlbedici təklif aldığım halda, bundan üz çevirdim və “Neftçi”də yeri gələndə az qazanca qalmağa üstünlük verdim. Sonda isə belə münasibətlə üzləşdim və komandadan çıxarıldım. Bax, mənə pis təsir edən də budur. Nə etmək olar, həyatda belə şeylərlə də qarşılaşırsan”.


0