“Neftçi” fan-klubu parçalandı
29.10.2008 - 16:35
“Neftçi” fan-klubu parçalandı
Bakı. Aqşin Əliyev - APA-Sport. “Neftçi”nin fan-klubu parçalanıb. Bu haqda “APA-Sport”a məlumat verən fan-klubun prezidenti Azər Rəhimovun sözlərinə görə, azarkeşlərin bir hissəsi flaqmanı dəstəkləməkdən üz döndəriblər.

“Fan-klubun 1000-dən çox üzvü var. Bu gün MOİK-lə oyunda “Neftçi”ni dəstəkləmək üçün Respublika stadionuna gələnlər də var, gəlməyənlər də. Şəxsən, mən özüm hazırda stadiondayam” - deyə Rəhimov vurğulayıb. Prezident bildirib ki, fanatlar Rəşad Sadıqov başda olmaqla, 6 futbolçunun ehtiyat komandaya göndərilməsindən narazıdırlar: “Elə azarkeşlər var ki, bu gün “Neftçi”nin oynamasından onların xəbərləri yoxdur. Bəziləri isə bilərəkdən stadiona gəlməyiblər. Tribunada yer alan azarkeşlər də iki hissəyə bölünüb”.

Rəhimov bu məsələ ilə bağlı yaxın günlərdə fan-klubun toplantısının keçiriləcəyini söyləyib: “Yığıncaq mütləq olacaq. Çünki vahid ideya ətrafında birləşməyimizə ehtiyac var. Bu proseslərdə günahkar olmayan yeganə tərəf fanatlardır. Qalan tərəflər isə – istər rəhbərlik, istərsə də futbolçular günahkardırlar. Məsələni bu dərəcədə qabartmaq lazım deyildi”.

Qeyd edək ki, rəhbərliklə fikir-ayrılığı ucbatından “Neftçi”nin 6 futbolçusu - Rəşad Sadıqov, Aleksandr Çertoqanov, Ruslan Abbasov, Georgi Adamiya, Rəşad Sadiqov və Elnur Allahverdiyev əsas heyətdən uzaqlaşdırılaraq, ehtiyat komandaya göndəriliblər.
0