Yaxşı ki, MOİK var...
29.10.2008 - 17:04
Yaxşı ki, MOİK var...
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinə start verilib. “APA-Sport”un məlumatına görə, ilk oyunlar çərçivəsində keçirilən iki qarşılaşma artıq başa çatıb. Premyer Liqada uğursuz çıxış edən və ümidlərini ölkə kubokuna bağlayan “Neftçi” bu dəfə də ciddi problemlə üzləşib. Autsayderlər qrupunda yer alan MOİK-dən erkən qol buraxan Hans-Yurgen Gedenin yetirmələri çətinliklə olsa da qələbə qazanıblar.

Son qələbəsini də MOİK-lə oyunda əldə edən “Neftçi” yenə həmin rəqibini udmaqla, bu müddətdə komandada baş verənləri bir anlığa unutdura bildi. Almaniyalı mütəxəssis legioner futbolçuların qolları sayəsində kubokda qələbə ilə debüt etdi. Bu, “Neftçi”nin yeni mövsümdə, daxili yarışlarda öz meydanında qazandığı ilk qələbədir. “Vaslui” ilə iyulun 20-də keçirilən matçdan sonra flaqman evdə rəqiblərini məğlub edə bilmirdi. Bununla 101 günlük seriyaya son qoyan “Neftçi” kimi, “Qəbələ” də qapısında qol gördükdən sonra qələbə qazanıb. “Turan”la oyunda qəbələlilər Kənan Kərimovun dublu sayəsində azarkeşlərini sevindirib. Sabiq komandasının qapısına iki qol vuran hücumçu “Qəbələ”nin ardıcıl iki məğlubiyyətdən sonra qalib gəlməsinə töhfə verib.
Bu komandalar arasında cavab görüşləri noyabrın 5-də keçiriləcək.

“Neftçi” – MOİK - 2:1
Março Dafçev, 18 - penaltiylə, Dmitri Kruqlov, 62 – Tural Cəfərzadə, 3.

“Qəbələ” – “Turan” - 2:1
Kənan Kərimov, 76, 82 – Vurğun Hüseynov, 75.

Qeyd edək ki, 1/8 final mərhələsinin bu gün keçiriləcək “İnter” – “Standard” oyunu saat 20:00-da başlanacaq.








0