Bakıya gəlmək istəməyən futbolçu təyyarə alır
29.10.2008 - 18:22
Bakıya gəlmək istəməyən futbolçu təyyarə alır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərə milli komandasının futbolçusu Devid Bekhem təyyarə almaq qərarına gəlib. “APA-Sport”un məlumatına görə, reaktiv təyyarə almaq üçün 33 yaşlı futbolçu 7 milyon funt-sterlinq xərcləyəcək. ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edən Bekhem bu nəqliyyat vasitəsini İtaliya karyerası üçün alır. Belə ki, dörd aylıq icarə əsasında “Milan”da çıxış edəcək futbolçu şəxsi təyyarəsi ilə istədiyi vaxt okeanın o tayına gedə biləcək. Futbolçu ABŞ-da qalan xanımı Viktoriya və uşaqlarını tez-tez görmək üçün bu addımı atır.

Qeyd edək ki, Bekhemin sıralarında olduğu İngiltərə milli komandası 2006-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla bir qrupda çıxış edirdi. Dörd il əvvəl oktyabrın 13-də Bakıda keçirilməli oyuna gəlməli olan Devid bu səfərini bilərəkdən əngəlləmişdi. Azərbaycanla qarşılaşmadan əvvəl Uelslə görüşən ingilislərin yarımmüdafiəçisi qəsdən sarı vərəqə aldı ki, bu matçadək hesabında artıq bir xəbərdarlığı olan Bekhem cəzalı duruma düşdü. Bakıya gəlməkdən dolayısıyla boyun qaçıran Devid komandaların 2005-ci ildə Nyukaslda baş tutan oyunda iştirak edib.


0